2013-cü ildə Azərbaycana hökumətin puluyla səfər etmiş 10 konqresmenin pozuntuya yol verməsinə dair dəlil tapılmayıb. AzadlıqRadiosu məlumatına görə, bunu ABŞ Nümayəndələr Palatasının Etika Komitəsi bildirir.
Konqresmenlər səfər üçün etika komitəsindən icazə alıblar və səfərə sponsorluq etdiyini bildirən iki qrupun əslində maliyyə mənbələri barədə yalan danışdıqlarını bilməyiblər. Etika komitəsi belə deyir.
ŞAHİDLƏR ƏMƏKDAŞLIQ ETMƏYİB
“Nümayəndələr Palatasının üzvü belə bir səyahət üçün öncədən icazə istəyəndə və bunu alanda həmin icazə konqresmeni komitənin gələcəkdə hər hansı addımından qorumuş olur,” etika komitəsi iyulun 31-də açıqladığı 28 səhifəlik hesabatda bildirir.
Komitə təhqiqat dövründə 12 çağırış göndərsə də, əsas şahidlər onunla əməkdaşlıq etməyib. Səyahəti təşkil edən Hyuston biznes qurumlarının rəsmiləri şahidlər sırasındadır.
Söhbət həmin konqresmenlərin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sponsorluq etdiyi konfransda iştirakından gedir. “The Washington Post” bu ilin mayında məlumat yayıb ki, SOCAR Hyustonda yerləşən iki təşkilatın hesabına 750 min dollar köçürməklə konqresmenlərin səyahət xərclərini ödəyib.
Etika komitəsi şahidlər əməkdaşlıq etmədiyi üçün bu iddiaların doğruluğunu müəyyənləşdirə bilmədiyini deyir.
“The Washington Post”-un Konqresin müstəqil qolu olan Etika Ofisinin hesabatına əsasən yaydığı həmin məlumatda konqresmenlərin Bakıda bahalı hədiyyələr aldığı da qeyd olunurdu. Sonradan konqresmenlərin bir neçəsi aldıqları hədiyyələrin dəyərindən xəbərsiz olduqlarını bildirdilər.
MƏSƏLƏYƏ ƏDLİYYƏ DEPARTAMENTİ BAXACAQ
Konqresmenlər səyahət icazəsini məhz Nümayəndələr Palatasının Etika Komitəsindən alıblar. Konqres Etikası Ofisi məsələnin araşdırılma üçün Etika Komitəsinə yönəltmişdi.
“The Washington Post” yazır ki, komitə məhz təşkilatçı qrupları “açıq-aşkar cinayət hazırlığı”nda ittiham edib və məsələni Ədliyyə Departamentinə yönəldib.
Konqresmenlərin səfəri 100 min dollara başa gəlib.
Komitə konqresmenlərin Bakıda bahalı xalçalar, çay servizləri hədiyyə almasının Nümayəndələr Palatasının qaydalarını pozduğunu da müəyyənləşdirə bilməyib.
Mayda hesabat yayılanda SOCAR bəyanat verərək konfransa sponsorluğunu gizlətmədiyini deyib, günahı təşkilatçıların üstünə yıxıb. Səfərin rəsmi sponsorları Amerikalı və Avrasiyalıların Şurası və Azərbaycanın Dostları Assambleyası (AFAZ) qeyri-kommersiya təşkilatları olub.
KONQRESMENLƏRİN TÖHFƏSİ AŞKARLANMAYIB
Konfrans 2013-cü il mayın 28-29-da keçirilib. Tədbirdən bir il öncə SOCAR və digər böyük enerji şirkətləri Xəzərdəki 28 milyard dollarlıq təbii qaz kəməri layihəsinin ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalardan azad olunmasını istəyirdi.
Lakin təhqiqat konqresmenlərin həmin səfərdən öncə rəsmi mövqeləri hesabına SOCAR-a və ya kəmər layihəsinə hər hansı fayda verdiyini müəyyənləşdirə bilməyib.
Ancaq o da bəllidir ki, 2012-13-cü illərdə Konqres İrana sanksiya qoyan iki sənəd qəbul edib. Azərbaycan qazı ilə bağlı layihə onların hər ikisində istisna hal kimi sanksiyaların təsirindən azad edilib. Hər iki sənədi prezident Obama da imzalayıb. Sözügedən konfransdan 5 gün sonra – 2013-cü il iyunun 3-də isə Obama İranla bağlı sanksiyalara dair daha bir sərəncam imzalayıb. Azərbaycanla bağlı qaz kəməri layihəsi yenə istisna hal kimi nəzərə alınıb