Accessibility links

Azərbaycan korrupsiya qavrama indeksində 168 ölkə arasında 119-cudur


Korrupsiya indeksi
Korrupsiya indeksi

Transparency International təşkilatının 2015-ci il Korrupsiya Qavrama İndeksində(KQİ) Azərbaycan 29 balla 168 ölkə arasında 119-cu sırada yer alıb. Indeks 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 29 balla, 175 ölkə arasında 126-cı sırada göstərilib.

İlk üç yeri Danimarka, Finlandiya və İsveç tutur.

Sonuncu yerlərdə Somali, Şimali Koreya, Əfqanıstan gəlir.

Korrupsiya indeksi
Korrupsiya indeksi

Keçmiş SSRİ ölkələri arasında göstəricilər belədir: Estoniya – 23-cü yer, Litva (32), Latviya (40), Gürcüstan (48). Ən pis durum Türkmənistandadır (154). Özbəkistan 153, Tacikistan 136, Ukrayna isə 130-cu yerdədir.

Transparency International-ın Azərbaycan bölməsi qeyd edir ki, 2015-ci ildə demək olar ki, 2014-cü ilin göstəriciləri saxlanılıb. Müsbət effekt kimi yalnız bir vahid pəncərə sistemi göstərilib - ASAN xidmət.

Lakin Freedom House-a görə, tranzaksiya dövründə olan ölkələr sırasında Azərbaycanın mövqeyi geriləyib. Burada da neftin qiymətinin enməsi ilə əlaqədar iqtisadi göstəricilərin enməsi, manatın devalvasiyasının düzgün idarə olunmaması, bank sektorunun şəffaf olmaması göstərilib ki, bu da əhalinin rifahına ziyan vurub.

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, “Korrupsiya qavrama indeksi”ndə ölkənin mövqeyində tərpənişin olmaması mənfi tendensiyanı əks etdirir.

“Keçirilən sorğular göstərir ki, yerli əhalinin təxminən 85%-i hesab edir ki, məhz korrupsiya inkişaf yolunda əngəldir. Respondentlərin 80%-dən çoxu BMT Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasının 20-ci maddəsinin - “Qanunsuz varlanma” maddəsinin ratifikasiyasına tərəfdardır. Bu, məmur daşınmaz əmlaka xərclədiyi vəsaitin mənbəyini açıqlaya bilmədiyi halda cinayət cəzasını nəzərdə tutur".

Transparency International Azərbaycan bölməsi həmçinin bildirir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Bu sıraya lisenziya qaydalarının sadələşdirilməsi və lisenziya verilən fəaliyyət növlərinin azaldılması, əlillik statusunun əldə edilməsi qaydalarının sadələşdirilməsi və sosial sığorta qeydiyyatı üçün elektron alətlərin təqdim olunması, hökumətin qaynar xətlərlə bağlı vahid standartlarının hazırlanması, vətəndaşlar tərəfindən yerli icra hakimiyyətlərinə yönəldilmiş müraciətləri izləmək üçün vahid daxili elektron sistemin qurulması və sair daxildir.

Korrupsiya indeksi
Korrupsiya indeksi

Korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biri hesab edilir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasını təmin etməlidir. Korrupsiya faktı ilə bağlı məlumat vermək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalı, eləcə də Dövlət Qulluğu Kodeksinin qəbul olunması tezləşdirilməlidir. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsinin; mülkiyyət hüquqlarının qorunması, o cümlədən torpaqların satışına sadələşdirilmiş verginin tətbiq olunması və tikililərdən vergi tutulması ilə bağlı yeni qaydlara uyğunlaşdırılması; gömrük rəsmiləşdirilməsi qaydalarının və onların icrası sahəsində əsaslı islahatların həyata keçirilməsi üçün xüsusi səy göstərilməlidir. Eyni zamanda, elektron müraciət sisteminin elektron xidmətlər səviyyəsinə qaldırılması məsələsi diqqət mərkəzində olmalıdır.

Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu islahat səylərinin səmərəliliyi üçün olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elemetlərindən biri bütün maraqlı tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. Mövcud iqtisadi çətinliklər hərtərəfli iqtisadi və idarəçilik islahatları nəticəsində inkişaf üçün unikal imkana çevrilə bilər. Müsbət haldır ki, proses başlayıb, lakin bu proses vaxt və səy tələb edir və onun şəffaf, hesabatlı və ictimai iştirakçılıq imkanları şəraitində baş tutması vacibdir. Ona görə də, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mühit yaxşılaşdırılmalıdır. İctimai əhəmiyyətli qanun layihələri qəbul olunmamışdan əvvəl bütün maraqlı tərəflərlə geniş müzakirə olunmalıdır ki, qanunlar dayanıqlı və praktikada icra oluna bilən olsunlar.

XS
SM
MD
LG