Accessibility links

AŞPA sessiyasında korrupsiya məsələləri müzakirə olunacaq


Aprelin 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) açılan sessiyası çərçivəsində "AŞPA-nın ünvanına korrupsiya ittihamları və şəffaflıq" mövzusunda paralel müzakirələr aparılacaq.

Müzakirələrin təşkilatçısı assambleyanın Niderlanddan və Almaniyadan olan deputatları Pieter Omtzigt və Frank Schwabedir. Müzakirələrə moderatorluğu "Amnesty İnternational"ın Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen və Avropa Sabitlik Təşəbbüsünün direktoru Gerald Knaus edir.

Müzakirələr 2013-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməməsi məqsədilə azərbaycanlı deputat Elxan Süleymanovdan rüşvət almaqda ittiham olunan AŞPA-nın keçmiş vitse-prezidenti, italiyalı deputat Luka Volontenin ifşa olunması ilə bağlıdır.

Sessiyanın gündəliyində Türkiyədə demokratik institutların fəaliyyəti, Şimali Qafqazda insan hüquqları, qaçqın qadınların zorakılıqdan müdafiəsi zərurəti ilə bağlı məsələlər də var.

Assambleyadan əvvəl Yunanıstan prezidenti Prokopis Pavloulos çıxış edəcək. Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks 2016-cı ildə fəaliyyət haqqında illik hesabatını təqdim edəcək. Avropa Şurasının baş katibi Turbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq, Kiprin xarici işlər naziri İoannis Kasulides isə Nazirlər Komitəsinə Kiprin sədrliyi haqqında məruzə ilə çıxış edəcək.

Sessiyanın digər əsas məqamları "APPK-nin 25 illik işi, nailiyyətlər və təkmilləşdirmələr", "İnterpol sistemindən təhqiredici istifadə: daha ciddi hüquqi zəmanətlər zərurəti" və "Dini azlıqlara mənsub olan valideynlərin və uşaqların hüquqlarının müdafiəsi haqqında" debatlar olacaq.

Həmçinin, "İsrail nizamlanması haqqında" yeni Qanunun siyasi nəticələrinin təcili müzakirəsi və "Təhlükə altında olan Avropa dəyərləri: Avropada artmaqda olan populizmə, ksenofobiyaya, antisemitizmə və islamofobiyaya qarşı mübarizə" haqqında müzakirələr aparılması xahişləri səslənib.

XS
SM
MD
LG