Accessibility links

Korrupsiya indeksi - Azərbaycan 180 ölkə arasında 122-dir (Ekspert şərhləri)


Korrupsiya indeksi
Korrupsiya indeksi

Korrupsiya indeksi

Transparency International korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı ölkələrin illik şəffaflıq reytinqini yayıb. Fevralın 21-də Berlində təqdim edilən məruzədə dövlətlər korrupsiya indeksinə görə sıralanıb. Azərbaycam 2017-ci ilin yekunlarına görə 122-ci yeri tutub.

Transparency İnternational – Beynəlxalq Şəffaflıq Təşkilatı
Transparency İnternational – Beynəlxalq Şəffaflıq Təşkilatı

Transparency International-ın metodologiyasına əsasən, ölkələr və ərazilər dövlət sektorunda korrupsiya səviyyəsi əsasında 0 (ən yüksək korrupsiya səviyyəsi), 100 (ən aşağı korrupsiya səviyyəsi) ballıq cədvəl üzrə qiymətləndirilir.

Araşdırma dünyanın 180 ölkəsini əhatə edir.

Ötən ilin yekunlarına görə, reytinqin liderləri müvafiq olaraq 89 və 88 balla Yeni Zelandiya və Danimarka olub. İlk mövqələrdə orta göstəriciləri 66 bal olmaqla, Qərbi Avropa ölkələri üstünlük təşkil edir. ABŞ 75 balla 16-cı yerdə yerləşib. Təşkilatın məlumatına görə, Latın Amerikası ölkələri arasında 2017-ci ildə Uruqvay (70 bal) və Çili (69) ən müsbət nəticə əldə edib.

Azərbaycan 31 bal toplayıb

Azərbaycan 100 mümkün baldan 31 bal toplayaraq, dünya reytinqində 122-ci yeri tutub və 2016-cı illə müqayisədə bir pillə yüksəlib. Digər qonşu ölkələrin nəticələri daha yüksəkdir: Ermənistan 107-ci, Türkiyə 81-ci, Gürcüstan 46-cı, Macarıstan 66-cı, Belarus 68-ci yerdədir.

Araşdırmaçılar Əfqanıstanı (15 bal), Suriyanı (14), Cənubi Sudanı (12) və Somalini (9) reytinqin autsayderləri hesab ediblər.

Təşkilatın direktoru Deliya Ferreyra bildirib ki, "korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlərdə mətbuat və ifadə azadlığı məkanı, eləcə də informasiya əldə edilməsi imkanları tamamilə məhdudlaşdırılıb".

Şəffaflıq Azərbaycan: Demokratikləşmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsi vacibdir

Şəffaflıq Azərbaycan-logo
Şəffaflıq Azərbaycan-logo

“Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı bildirir ki, Azərbaycanın Korrupsiya Qavbrama İindeksində (KQİ) mövqeyinin ötən illə müqayisədə bir pillə irəliləməsi o qənaətə gəlməyə imkan verir ki, ölkədə korrupsiya ilə əlaqədar ümumi mənzərə sabit qalır.

“Hökumət 2017-ci ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var. İqtisadiyyat və dövlət xidmətləri sahələrində aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə müsbət təsir etsə də, ölkəmizin KQİ-də mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəetmənin əsas meyarları - demokratikləşmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsi vacibdir. Dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, şəffaf və hesabatlı fiskal siyasətin formalaşması və ictimai əhəmiyyətli qərarların verilməsi prosesində vətəndaşların iştirak imkanlarının genişləndirilməsi hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılmasına töhfə verə bilər”, təşkilat qeyd edir.

Natiq Cəfərli: Korrupsiyanın miqyası insanı heyrətə gətirir

Natiq Cəfərli
Natiq Cəfərli

Müstəqil iqtisadçı Natiq Cəfərli qeyd edir ki, ölkədə korrupsiyaya qarşı mübarizədə müəyyən irəliləyişlər müşahidə olunur. Bu, əsasən dövlət qurumlarının alt halqalarına - MİS-də, VQŞ-də və DİN-in rayon polis şöbələrinin qeydiyyat şöbələrində, miqrasiya və vergi xidmətlərində sənədlərin alınmasına aiddir. Aztəminatlı vətəndaşlara ünvanlı sosial yardım təyin edilməsinin elektron sistemi tətbiq edilib. Dövlət və vətəndaş arasında vasitəçiyə çevrilən ASAN xidmət fəaliyyət göstərir. O, bürokratik prosedurların minimuma endirilməsinə şərait yaradır. Bunun sayəsində rüşvət alınması imkanları azalır.

Amma dövlət fəaliyyəti və biznesin qalan sahələrində korrupsiya sxemləri hələ də fəaliyyət göstərir. Nazirliklərin, dövlət şirkətlərinin, ölkə banklarının rəhbər heyəti səviyyəsində korrupsiyanın miqyası insanı heyrətə gətirir. Ötən il 2,9 mlrd. dolların yuyulmasını üzə çıxaran Azərbaycan Laundromat-ı korrupsiyanın apofeozu oldu.

Əkrəm Həsənov: Bank və tikinti biznesində korrupsiyanın payı böyükdür

Əkrəm Həsənov
Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, dövlət səviyyəsində korrupsiyaya qarşı ciddi mübarizə görmək çətindir. Bu cinayət növü, demək olar ki, bütün dövlət sahələrində hökm sürür. Əlbəttə, hüquq-mühafizə orqanları rüşvətdə əli olan insanları məsuliyyətə cəlb edir, amma, bir qayda olaraq, bu, ümumi vəziyyətdə nəzərəçarpan rol oynamayan kiçik məmurlardır.

"Oliqarxların əsas gəlir mənbəyi olan bank və tikinti biznesində korrupsiyanın payı böyükdür. Onlar büdcə vəsaitlərinin xərclənməsi, prioritet inkişaf proqramları ilə məşğul olurlar və kapitalın qanunsuz çıxarılması sxemlərindən istifadə edərək, bu sahədə sui-istifadələrə yol verirlər", deyə Həsənov qeyd edib.

Zahid Oruc: Ölkədə tenderlər şəffaf keçirlir, "ASAN Xidmət" var

Zahid Oruc
Zahid Oruc

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc sənədəd deyilənləri qəbul etmir. O, ölkədə tenderlərin şəffaf keçirildiyini, idxal-ixrac əməliyyatlarındakı problemlərin aradan qalxdığını, “ASAN Xidmət” modelinin şaxələndiyini deyib.

“Keçmişdə Azərbaycan hakimiyyətinin ünvanına səslənən ittihamlardan biri də aşağı və ya orta ranqlı məmurların həbs edilməsi ilə bağlı idi. Amma son zamanlar xeyli «VİP-məhbus»lar da var, daşıdıqları rütbələr də, vəzifələr də kifayət qədər yüksəkdir. Bütün bunların hesabatlarda yer almamasını, atılan addımların sadəcə “bir addım irəliləmək” üçün əsas götürülməsini doğru saymıram”, deputat bildirir.

Arif Hacılı: Korrupsiya hər kəsin gözü qarşısında baş verir

Arif Hacılı
Arif Hacılı

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, Azərbaycanda korrupsiyanın hansı səviyyədə olduğunu bilmək üçün heç də vətəndaşları dinləmək, beynəlxalq hesabatları oxumaq lazım deyil.

“Azərbaycanda korrupsiya, sovet dövründə olduğu kimi gizli həyata keçirilmir, indi korrupsiya leqaldır. Bu proses hər kəsin gözü qarşısında baş verir”, Hacılı qeyd edib.

“İstər iqtisadiyyatda monopoliya, istər vəzifələrə təyinatların rüşvətə, yerlibazlığa, siyasi sədaqətə və başqa prinsiplərə uyğun həyata keçirilməsi, istərsə də səhiyyədə, təhsildə rüşvətxorluq, korrupsiya hər kəsə məlumdur”.

Müsavat başqanı A.Hacılı “ASAN Xidmət”in yaradılmasını pozitiv addım adlandırsa da, ölkədə bürokratiyanın, korrupsiyanın, rüşvətin qarşısını almaq üçün yetərli olmadığını bildirir. O, Azərbaycanda yüksək vəzifəli şəxslərin işdən çıxarılmasının və ya həbsinin də korrupsiya ilə mübarizə kimi qələmə verilməsinin əleyhinədir.

“Azərbaycanda Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi müxalifətlə mübarizə aparır, siyasi fəaliyyətlə məşğuldur, ölkədə yaradılan korrupsiyaya qarşı mübarizə idarəsi isə hakimiyyətin içində etibardan düşmüş, problemlər yaradan insanlara cəza verilməsi, sıxışdırılması ilə məşğuldur. Ona görə də hansısa vəzifəli şəxslərin işdən çıxarılması, həbsi onların korrupsiya əməlləri ilə bağlı deyil, sadəcə hakimiyyətin yüksək eşelonunda olanların etibarını itirmələri, Heydər Əliyevin bir zamanlar dediyi kimi, «qeyri-qanuni» rüşvət almaları ilə bağlıdır”, o qeyd edib.

Orxan İsayev: Hesabat həyata keçirilən tədbirləri kifayət qədər dəqiq əks etdirmir

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev isə APA agentliyinə bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir.

Onun sözlərinə görə, Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrama İndeksi”nin 2017-ci il üzrə hesabatında Azərbaycan 31 balla qiymətləndirilməklə, 180 ölkə arasında sıralamada 122-ci olub.

“Qeyd etməliyəm ki, 2009-cu ildən başlayaraq həmin təşkilatın hesabatlarında ölkəmizlə bağlı nəticələr üzrə, istər pillə, istərsə də qiymətləndirmə balı baxımından daim müsbət dinamika müşahidə olunur. Bununla belə, 2017-ci il üzrə əks olunmuş göstəricilər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri kifayət qədər dəqiq əks etdirmir. Belə ki, Azərbaycanda bu sahədə ötən illər ərzində həyata keçirilmiş genişmiqyaslı institusional və qanunvericilik islahatları, elektron hökumət layihəsinin uğurla icra olunması, həmçinin “ASAN Xidmət”in həm fəaliyyət sahələrinin, həm də coğrafiyasının genişləndirilməsi ölkəmiz üzrə göstəricilərdə əhəmiyyətli irəliləyişi şərtləndirməli idi”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG