Accessibility links

Cavad Cavadov: Məhkəmə işlərinin 78,9 faizini problemli kreditlər təşkil edir


Cavad Cavadov
Cavad Cavadov

Vəkil Cavad Cavadov problemli kreditlərin Azərbaycan məhkəmələrində və məhkəmə qərarlarının icrası qurumlarında son illərdə yaratdığı durumla bağlı Amerikanın Səsinə araşdırma yazısı təqdim edib. O, həmçinin problemin həlli yollarını da göstərib.

Cavad Cavadovun məqaləsini diqqətinizə çatdırırıq:

Neft bumu və kredit

1994-cu ilin sentabrın 20-də imzalanan “Əsrin müqaviləsi” işə düşəndən sonra Azərbaycana böyük neft pulları gəlməyə başladı. Təkcə Azəri-Çıraq-Cünəşli yataqlar bloku üzrə Dövlət Neft Fonduna 2017-ci ilin noyabrın 1-kredit problemi

dək 127.304 milyard dollar pul daxil olub.

Neft pullarının bir qismi banklar vasitəsi ilə kreditlər şəklində vətəndaşlara verilməyə başlandı. Neftin qiymətlərinin yüksək olması, ölkəyə daxil olan neft pulları tikinti bumu yaratdı. Beləliklə, Bakı şəhərində daşınmaz əmlakın qiymətləri durmadan artdı, hətta qiymətlər Moskva kimi şəhərlə müqayisə olunmağa başladı.

Həmin dövrdə banklar üçün kreditlərin qaytarılması ilə bağlı problemlər ciddi hiss olunmurdu. Daşınmaz əmlak qiymətlərinin, nəqliyyat vasitələrinin qiymətlərinin yüksək olması, eyni zamanda tələbatın durmadan artması banklara kreditlərin problemli olduğu halda məhkəmə vasitəsi ilə rahatlıqla əmlakların satılaraq borcun bağlanmasına geniş imkanlar yaradırdı.

“Azerilight” markalı neftin bir bareli 2008-ci ilin iyulunda hətta 149 dollardan da baha satılıb. Sonradan qiymətlər stabil olaraq 100 dollardan yüksək qalırdı.

Neftin qiymətinin düşməsi və məhkəmələrdə bank-kredit işləri

Kreditlərlə bağlı problemlər 2014-cü ildən görünməyə başladı. Dünyada neftin qiymətlərində tədricən, sonra sürətlə enmə başladı, vaxtı ilə bir bareli 120 dollardan baha satılan neft qiymətləri hətta 29 dollaradək düşdü.

Məhkəmələrdə kreditlətlə bağlı baxılan mülki işlərin korrelyasiyası (qarşılıqlı dəyişməsi-red) ölkəyə gələn neft pullarının “azalma” tepminə uyğun olaraq surətlə artmağa başlayır.

Beləliklə, 2013-cü ildə birinci instansiya məhkəmələrində ümumilikdə 78 335 işə baxılıbsa onun 41 027-ni (52,3%), 2014-cü ildə 153 306 işə baxılıbsa onun 95 848-ni (62%), 2015-ci ildə 228 428 işə baxılıbsa onun 171 664-nü (75,5%), 2016-cı ildə 352 147 işə baxılıbsa onun 295 140-nı (83,8), 2017-ci ilin birinci yarısında 149 920 işə baxılıbsa onun 118 428-ni (78,9%) borc-kredit (bank) işləri təşkil edib.

Göründüyü kimi, 2013-cü ildən sonra məhkəmələrdə baxılan kredit işlərinin sayı iki dəfəyə yaxın artıb. 2013-cü ildə bu işlərin sayı 41 027 (ümumi işlərin 52,3 %) olubsa, 2016-cı ildə artıq 295 140 (ümumi işlərin sayının 83, 8%) olub.

2017-ci ilin birinci yarısında əvvəlki illə müqayisədə azalma müşahidə olunsa da (78,9 %) yenə də vəziyyət ürəkaçan deyil.

Ötən ildə həmin kateqoriya işlərinin sayının azalmasının bir sıra səbəbləri vardır.

Bunlar əsasən,

- Çoxsaylı bankların sürətlə müflis olması;

- Digər bankların kredit vermə həcminin əhəmiyyətli dərəcədə azalması;

- Kredit verilmə şərtlərinin ciddi sərtləşdirilməsi (yaradılmış Mərkəzləzləşdirilmiş Kredit Reyestrinin qara siyahısına düşən şəxslərə ümumiyyətlə kredit verilmir);

- Həmçinin ümumən iqtisadi aktivliyin səngiməsi, ölkəyə neft pullarının gəlməsinin azalması səbəb olub.

Məhkəmə baxışında yaranmış problər

Bu kateqoriyadan olan işlərin çoxluğu məhkəmələr tərəfindən digər işlərin keyfiyyətli və vaxtında baxılmasına ciddi maneə yaradır. Təsəvvür edin ki, məhkəmələr vaxtlarının 80%-ni bu işlərə sərf edir və yerdə qalan mürəkkəb mübahisələri, hətta arzu etdikləri halda belə, araşdırmaq və həll etmək imkanları məhdudlaşır.

Bu cür durum ölkəmizdə onsuz da nüfuzu zəif olan ədalət mühakiməsinə ciddi mənfi təsirini göstərir. Məhkəmələrin önündə işlərin baxılma siyahısına (cədvəlinə) baxdıqda bu mənzərəni görmək olur. İşlərin əksər hissəsi banklarla vətəndaşlar arasında olan işlərdir.

Bir sıra kredit məsələləri notariat orqanlarında həllini tapmalıdır

Bununla yanaşı, hakimlərin və məhkəmə aparatı ştatının artırılması problemin həlli deyil. Problemin həlli qanunvericilikdə dəyişiklik edilərək bu işlərin əhəmiyyətli hissəsinin notariat orqanlarında baxılmasına icazə verilməsidir. Qonşu Rusiya Federasiyasında 29 iyun 2016-cı ildə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib və notariat orqanlarına banklarla vətəndaşlar arasında bağlanmış kredit müqavilələri üzrə “icra qeydi” (tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönlətməklə) vermək səlahiyyəti verilib. Həmin icra qeydi məhkəmə qərarlarını icra edən (Rusiyada onlar məhkəmə pristavları adlanır) quruma təqdim olunur və məhkəmə qərarı kimi icra olunur. Beləliklə məhkəmələr ağır yükdən azad olunurlar.

Bu praktikanın tətbiqi ölkəmizdə mütləq nəzərdən keçirilməlidir. Azərbaycan qanunvericiliyində buna bənzər müddəalar var və tətbiq olunur. Belə ki, notariat qaydada bağlanan borc müqaviləsi üzrə borc qaytarılmadığı halda, məhkəmə qərarına bərabər icrası məcburi olan, icra qeydi vermək səlahiyyəti var. Yəni bu imkanları sadəcə qanunvericiklə daha da genişləndirmək artıq ciddi zərurətdir.

İcra qurumları 700 146 qərarı necə icraya yönəltsin?

Yuxarıda əks olunan göstəricilərə əlavə olaraq maraqlı statistik rəqəmlər diqqətimi çəkib. 2013-cü ildə icra qurumlarına 206 160 icra sənədi daxil olubsa, 2016-cı ildə bu say 700 146 olub. Məhkəmələrdə baxılan borc-kredit işlərinin artması təbii olaraq icra qurumlarında olan işlərin sayını artırıb. Birmənalı olaraq icra qurumlarında bu kateqoriya işlər böyük çoxluq təşkil edir. Lakin bu sayda icra sənədinin keyfiyyətli və vaxtında icra edilməsi fiziki olaraq qeyri mümkündür.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78.1. maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Təsəvvür edin, məhkəmə qərarı ilə tutulan borcunu ödəyə bilməyən vətəndaş üstəlik icra qurumuna 7 faiz məbləğində əlavə icra ödənişi də etməlidir. Hazırki durumda faktiki olaraq bu, mümkünsüz vəziyyətə çevirilib və sadəcə vətəndaşa əlavə yük yaradır. Yəni şəxs bankla anlaşmışsa sonradan icra qurumunun 7 faizinin girovuna çevrilir.

Şəxsi müşahidələrimə görə icra qurumları artıq kollaps (bayılma-red) vəziyyətindədir. Bundan çıxış yolu kimi isə bankların vətəndaşlara güzəştə getməsi (borcların restrukturizasiyası), qanunvericilikdə dəyişikiklər edilməsi və ya borcların dövlət hesabına silinməsi kimi addımlar atmaq lazımdır və bunlar müsbət nəticə verər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG