Accessibility links

Müdafiə naziri: Hərbi təyyarələr təkmilləşdirilir


Zakir Həsənov

İyunun 18-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

APA agentliyinin məlumatına görə, real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Müdafiə naziri Zakir Həsənov bildirib ki, Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir.

"Ordunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir."

Həsənov qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.

Nazirin fikrincə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasında Türkiyə Silahlı Qüvvələrinin rolu böyükdür.

“Dilimiz və dinimiz bir olan Türkiyənin təcrübəsindən hər gün bəhrələnirik və təlimlərdə istifadə edirik," o vurğulayıb.

Həsənov bildirib ki, Azərbaycan Ordusunun hərbi şəhərciklərinin 85 faizi yenilənib.

Müdafiə naziri jurnalistlərin sualının cavabında Gəncə şəhərində vətəndaşın evinə mərminin düşməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

“Burada söhbət Gəncə şəhəri yaxınlığında yerləşən Seyfəli poliqonundan gedir. Tanklar təlim mərmisindən istifadə ediblər. Maketlər dağlar tərəfdə olub, mərmi qayaya dəyib və sapma baş verib. Hadisədən xəbər tutan kimi göstəriş verdim və təlim dayandırıldı. Seyfəli təlim poliqonunda tanklardan istifadə yenidən nəzərdən keçiriləcək və vətəndaşa dəymiş ziyan Azərbaycan Ordusunun hesabına ödəniləcək," o qeyd edib.

XS
SM
MD
LG