Accessibility links

Trampın kampaniyası ilə Rusiya arasında əlaqə sübut olunmayıb


Donald Tramp

ABŞ-ın baş prokuroru Uilyam Barr xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı hesabatında prezident Donald Tramp və ya onun kampaniyasında işləyən hər hansı şəxsin Rusiya ilə əlaqəsi olduğuna dair heç bir sübut tapmadığını bildirib.

Barr Trampın kampaniyasının seçkinin Trampın xeyrinə nəticələnməsi məqsədilə Rusiya ilə əməkdaşlıq etdiyinə dair ittihamları təhqiq edən və 22 aydır davam edən istintaqın xülasəsini ictimaiyyətə təqdim edib.

Barr yekun hesabatını bazar günü Konqresə göndərib və ictimaiyyətə açıqlayıb. Müller hesabatını Ədliyyə Nazirliyinə cümə günü təqdim edib.

Barrın bildirdiyinə görə, Müller Trampın ədaləti əngəlləyib-əngəllmədəyinə dair heç bir nəticə çıxarmayıb və bu məsələni Barrla baş prokurorun müavini Rod Rozenstinə həvalə edib.

O, Müllerin hesabatında Trampın tamamilə təmizə çıxdığını təsdiqləmədiyini desə də, Tramp bazar günü Floridadan Vaşinqtona dönmək üçün Air Force One təyyarəsinə minmədən öncə “tamamilə bəraət qazandığını”söyləyib.

“Rusiya ilə heç bir əməkdaşlıq olmayıb. Ədalət əngəllənməyib. Mən tam bəraət qazandım. Düzünü desəm, sizin prezidentinizin bu prosesdən keçməsi rüsvayçılıqdır, çünki bu, mən seçilmədən öncə və qanunsuz şəkildə başladı. Ümid edirəm ki, bu məsələyə də nəzər yetiriləcək”, Donald Tramp söyləyib.

Senatın Ədliyyə Komitəsinin sədri senator Lindsi Qraham “İndi artıq önümüzə baxıb, ölkəni idarə edib və 2020-ci ildən öncə Rusiya və digər xarici ölkələrə qarşı mübarizə aparmağa hazır olmaq vaxtıdır” - deyə, tvit atıb.

“Baş prokurorun məktubu bir çox sualı cavablandırsa da, bir o qədər də sual yaradır” - deyə, Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi və Senatın demokrat lideri Çak Şumer birgə bəyanatda bildirib. “Cənab Barr xüsusi prokurorun istintaqı ilə bağlı qərəzli mövqeyə sahib olduğu üçün, o, neytral müşahidəçi deyil və hesabatla bağlı obyektiv nəticələr çıxara bilməz”.

Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cerri Nadler deyib ki, komitə Barrı yaxın gələcəkdə ifadə verməyə çağıracaq.

Prezidentliyə bir neçə demokrat namizəd də bazar günü prezidentin seçdiyi baş prokuror tərəfindən hazırlanan Müllerin hesabatının xülasəsini qeyri-qənaətbəxş adlandırıb.

Barrın yazdığı xülasədə bildirib ki, təxminən iki il davam edən istintaq zamanı Müllerlə 19 hüquqşünas və 40 FBI agenti işləyib, 500-dən çox şahidi dindirib və 500-dən çox axtarış aparıb.

Nümayəndələr Palatası bu ayın əvvəli yekdilliliklə Müllerin hesabatının tam versiyasının ictimailəşdirilməsini tələb edən qanun layihəsinin lehinə səs verib.

XS
SM
MD
LG