Accessibility links

Münaqişə zonasında son durum


Ağdam şəhəri

Münaqişə zonasında hərbi əməliyyat dayandırıldıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması prosesi davam edir. Artıq regionda silahlı insidentlər qeydə alınmır.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Qarabağ istiqamətində sentyabrın 27-də hərbi əməliyyatlar bərpa edilib. Ağır döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini azad edib. 44 gün davam edən döyüşlərdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib. Razılaşmaya əsasən Ermənistan noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonundan hərbi qüvvələrini çıxararaq Azərbaycana qaytarmalıdır. Ağdam rayonu artıq noyabrın 20-də Azərbaycana təhvil verilib.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Bununla yanaşı, döyüşlər zamanı Dağlıq Qarabağı tərk etmiş ermənilər artıq geri qayıtmadqda davam edir.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki,
bu gün, noyabrın 23-də 2334 qaçqın Ermənistandan Dağlıq Qarabağa qaytarılıb.

"Rusiyalı sülhməramlılar qaçqınların təhlükəsiz şəkildə geri qayıtmasını təmin edir. Ümumilikdə, noyabrın 14-dən indiyədək Dağlıq Qarabağın 11 mindən çox sakini rus sülhməramlılarının köməyi ilə əvvəlki yaşayış yerlərinə qayıdıb," o qeyd edib.

Fövqəladə Hallar Nazirliyi Qarabağa göndərilən humanitar yardım karvanını müşaiyət edir
Fövqəladə Hallar Nazirliyi Qarabağa göndərilən humanitar yardım karvanını müşaiyət edir

Ermənistanın ombudsmanın bildirdiyinə görə, Azərbaycan tərəfi indiyədək döyüş meydanında qalmış Ermənistan Silahl Qüvvələrinin 350 hərbiçisinin cəsədini təhvil verib.

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan itkin düşənlərin işləri üzrə idarələrarası komissiya yaradıb.

Döyüşlər dayandırıldıqdan sonra ilk dəfə noyabrın 22-də Azərbaycan ərazisi vasitəsi ilə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinə humanitar yardım çatdırılıb.

“Noyabrın 22-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub. Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur,” Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Azad edilmiş ərazilərdə Azərbaycanın hökumət strutkrularının bərpası da davam etdirilir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında bölmələri fəaliyyətə başlayıb.

Azərbaycan Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi təsis edilib.

“Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi məqsədi ilə nazirlikdə qərargah yaradılıb,” Ədliyyə naziri Fikrət Məmmədov qeyd edib.

Bundan öncə isə azad edilmiş rayonlarda polis şöbələri və Dövlət Təhlükəsizliyi Xidmətinin bölmələri fəaliyyətə başlatyıb.

Maliyyə naziri Samir Şərifov bu gün, noyabrın 23-də bildirirb ki, 2021-ci il dövlət büdcəsinə azad edilmiş rayonlarda bərpa, yenidənqurma işləri ilə bağlı dəyişiklik ediləcək.

“İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır. Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb. Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli–Alxanlı–Füzuli–Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln. manatın maliyyələşdirilməsinə start verilib,” nazir Şərifov qeyd edib.

XS
SM
MD
LG