Aprelin 19-da SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh neft şirkətlərindən ibarət konsorsium "Mərkəzi-Şərqi Azəri" yatağının dərin sulu hissəsinin işlənməsinə dair saziş imzalayıb.
"Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin operatoru BP-nin məlumatına görə, yeni layihənin dəyəri 6 milyard dollar təşkil edəcək. Layihə çərçivəsində yeni dəniz platforması inşa ediləcək. Platformada gündə 100 min barelədək neft emalı gücü olan avadanlıq qurulacaq.
Bu layihədə ilk neft hasilatına 2023-cü ildə başlayacağı və 300 milyon barrel hasilat gözlənilir.
Tikinti işlərinə bu il başlanılacaq və 2022-ci ilin ortalarına qədər davam edəcək, məlumatda deyilir.
AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).
AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.
AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günə kimi yataqdan 3,5 milyard barrel (474 milyon ton) neft hasil olunub. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.
Bu günə kimi AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından artıq sərmayə qoyulub.
Bu günə kimi AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından artıq sərmayə qoyuliub.BP-nin məlumatından sitat
Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 000 barrel olub.
AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilir:
- İlk Neft Layihəsi çərçivəsində 1997-ci ildən etibarən “Çıraq” yatağında neftin hasilatına başlanılıb;
- “Azəri” yatağının işlənməsinin 1-ci mərhələsində 2005-ci ildə “Mərkəzi Azəri”də hasilat başlanıb;
- “Azəri-2” çərçivəsində 2006-cı ilin yanvar ayından “Qərbi Azəri”də, 2006-cı ilin oktyabrından etibarən isə “Şərqi Azəri”də hasilat başlanıb;
- 3-cü mərhələdə “Günəşli” yatağının dərinsulu hissəsi 2008-ci ilin aprelində işə düşüb;
- “Çıraq” Neft Layihəsinin inkişafında ən son mərhələ - 2014-cü ilin yanvarından “Qərbi Çıraq”da hasilatın başlanması olub.