Accessibility links

Mərkəzi Bank dörd banka müvəqqəti inzibatçı təyin edib


Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti aprelin 27-də “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunması barədə qərar qəbul edib.

Qanunvericiliyə uyğun olaraq adları qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

İqtisadçı Natiq Cəfərli bildirib ki, 30 təqvim günü ərzində müvəqqəti inzibatçılar bankların ləğvedilmə planını təqdim etməli, aktiv və passivlərini hesablamalıdır.

Qanuna görə müvəqqəti inzibatçı – maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş banklar üçün nəzərdə tutulub. Deməli, hər 4 bank artıq ödəmə qabiliyyətini itirib.
Natiq Cəfərli, ekspertEkspertin fikrincə, “AtaBank”, “AGBank”, “NBCBank” və “Amrah Bank” - hər 4 bankın uzun aylardır ciddi problemləri var.

“Son aylar hətta vətəndaşlar depozitlərini bu banklardan geri çəkə bilmirdilər. Əslində “çürük” bankların bazardan çıxarılması gecikdirilirdi, daha əvvəl verilməli qərar idi. Bu gün alınan qərarla hər 4 banka müvəqqəti inzibatçılar təyin olunub. Qanuna görə müvəqqəti inzibatçı - maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş banklar üçün nəzərdə tutulub. Deməli, hər 4 bank artıq ödəmə qabiliyyətini itirib və 30 təqvim günü ərzində müvəqqəti inzibatçılar bankların ləğvedilmə planını təqdim etməli, aktiv və passivlərini hesablamalıdırlar. 30 gündən sonra banklarla bağlı növbəti qərar olacaq, çox güman, depozitlər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) vasitəsi ilə ödəniləcək. İlk olaraq fiziki şəxslərin depozitləri qaytarılacaq, amma problem budur ki, ƏSF-də indi vəsait sıfıra yaxındır, çox güman, Mərkəzi Bank fonda kredit xətti açacaq - 4 bankda depozitlərin qaytarılmasına təqribən 800 milyon manat lazım olacaq, yəni Mərkəzi Bank o 800 milyon manatı versə də, geri ala bilməyəcək. Necə ki, Mərkəzi Bank Fonda əvvəl də 500 milyon manat vermişdi, o pul da batdı-getdi. Hüquqi şəxslərin depozit və cari hesablarında olan vəsaitlərin qaytarılması daha uzun çəkəcək. Hökumət həmişə qərar verməkdə gecikir, sonra problemləri daha baha qiymətə həll etməyə məcbur olur” , iqtisadçı qeyd edir.

İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın müvəqqəti inzibatçı təyin etdiyi 4 bankın 2019-cu ilin yekunlarına görə bazar payları ilə bağlı bəzi statistik göstəricilərini dərc edib.

İqtisadçı bildirir ki, yalnız AtaBankın məlumatları 2019-cu ilin 3-cü rübünün yekunlarına aiddir.

“AtaBankın bank sektoru üzrə aktivlərdə payları 4,5% ətrafında (təxminən 1,5 milyard manat), ümumi kreditləşmədə payları 6%-ə yaxın (960 milyon manat), ümumi depozitlərdə payları 4%-ə yaxındır (təxminən 800 milyon manat).

2016-2019-cu illərdə AGBankın ümumi zərəri 30 milyon manatdan çox olub. AGBankın aktivlərində 4 ildə 10%-lik azalma olub. Amrah Bankın da zərər göstəricisi bu məbləğə yaxın olub. Bankın aktivləri 15%-ə yaxın azalıb.
Rövşən Ağayev, ekspert

2016-2019-cu illərdə AGBankın ümumi zərəri 30 milyon manatdan çox olub. AGBankın aktivlərində 4 ildə 10%-lik azalma olub.

Amrah Bankın da zərər göstəricisi bu məbləğə yaxın olub. Bankın aktivləri 15%-ə yaxın azalıb."

Ekspert bildirir ki, maliyyə hesabatlarında AtaBankın və NBCBankın durumu digər 2 bankdan daha yaxşı görünür.

“Belə ki, 2016-2019-cu illərdə AtaBank aktivlərini 15%-ə yaxın artırıb. 2016-2018-ci illərdə 700 min manata yaxın ümumi mənfəəti olub. Həmin dövrdə NBCBank aktivlərini 2 dəfədən çox, yəni 3.5 milyon manatdan çox artırıb. Kapitalın minimum yolverilən həddən aşağı məbləği (50 milyon manatdan aşağı) yalnız Amrah Bankda olub” - deyə, o qeyd edib.

Ağayev yazır ki, 2020-ci ilin ilk rübü üzrə hesabatlar bütün banklar üzrə hazır olmadığına görə son 3 ayda vəziyyətin necə dəyişdiyini demək olmur.

Azərbaycanda bank sektoru ilə bağlı qısa məlumat

Azərbaycanda hazırda 29 kommersiya bankı fəaliyyət göstərir.

Bank sektorunda problemlər əsasən 2015-ci il devalvasiyasından sonrakı dövrə təsadüf edir.

Belə ki, 2015-2018-ci illərdə ölkədə on kommersiya bankı bağlanıb.

Bununla yanaşı, ekspertlər bank sektorunda böyük problem kimi səhmlərinin 51 faizi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankını göstərir.

Bankın idarə heyətinin sədri olmuş Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi onu 16 il 6 ay azadlıqdan məhrum edib. O və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG