Accessibility links

Maduro yeni seçki keçirmək çağırışını rədd edib, dialoq aparmağa razılaşıb


Nikolas Maduro
Nikolas Maduro

Venesuelanın lideri Nikolas Maduro Avropa İttifaqının ölkəsində yeni seçkilərə çağıran ultimatumunu rədd edib. Bazar günü televiziyada yayımlanan müsahibəsində o deyib ki, müxalifət lideri Xuan Quaydo özünü müvəqqəti prezident elan edərək konstitusiyanı pozub. Lakin Maduro, müxalifətlə dialoq aparmağa da razılaşıb.

Bütün Avropa Donald Trampın önündə diz çökür, xüsusən də Venesuela məsələsində. Bu qədər bəsit.
Nikolas Maduro

Bazar günü CNN Türkiyədə yayımlanan müsahibədə Maduro deyib ki, ölkənin ali məhkəməsi və ədliyyə rəsmiləri Quaydonun Venesuelanın qanunlarını pozub-pozmadığını müəyyən edəcək. O, Avropa İttifaqının yeni və demokratik seçki keçirmək tələbini rədd edib. Avropa İttifaqı əks təqdirdə Avropanın Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyacağını bildirib.

“Venesuela öz yolunda irəliləməyə davam edəcək. Çox şükür ki, biz Avropadan asılı deyilik. Onlar bizə yuxarıdan aşağı baxır, bizə qarşı hökmlü və təkəbbürlü münasibət bəsləyir, çünki bizi özlərindən aşağı səviyyədə görür. Bu Avropa elitası Avropa xalqını təmsil etmir. Bütün Avropa Donald Trampın önündə diz çökür, xüsusən də Venesuela məsələsində. Bu qədər bəsit”,- o deyib.

Prezident Maduro çoxlarının saxta adlandırdığı seçkidə qalib gələndən sonra bu ayın əvvəli and içərək ikinci dəfə prezident vəzifəsinin icrasına başlayıb. Birləşmiş Ştatlar və regiondakı bir çox ölkə, eləcə də İsrail demokratik yolla yeni prezident seçilənədək Quaydonu müvəqqəti prezident kimi tanıyıb. Maduro Vaşinqtonla diplomatik əlaqələri kəsib və ABŞ diplomatlarına ölkəni tərk etmələrinə dair göstəriş verib, lakin daha sonra bu qərarını dəyişib.

“Mən cənab Trampa çox sayda məktub göndərmişəm, amma düşünürəm ki, o ölkədaxili problemlərə qərq olunub. Məncə o bizə yuxarıdan aşağı baxır. O, bütün Latın Amerikası və Karib hövzəsinə yuxarıdan aşağı baxır”, Maduro söyləyib.

Xuan Quaydo
Xuan Quaydo

Birləşmiş Ştatlar Maduroya müxalifəti yatırmaq üçün gücdən istifadə etməməsi və ABŞ-ın diplomatik heyətinə hücum etməməsi barədə xəbərdarlıq edib. Rusiya Birləşmiş Ştatları Venesuelada iğtişaş yaratmaqda günahlandırıb.

“Birləşmiş Ştatlar Maduro rejimi ilə Venesuela xalqı arasında qarşıdurma olduğuna dair təsvir yaradır. Amma bunun reallıqla əlaqəsi yoxdur. Hər şeyə rəğmən Venesuela lideri xalq arasında böyük dəstəyə sahibdir”- deyə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Birləşmiş Millətlər Təşkilatı siyasi böhrana həll tapmaq üçün dialoqa çağırıb, lakin venesuelalılar bu məsələ ilə bağlı fərqli fikirlərə sahibdir.

Birləşmiş Ştatlar Maduro rejimi ilə Venesuela xalqı arasında qarşıdurma olduğuna dair təsvir yaradır. Amma bunun reallıqla əlaqəsi yoxdur. Hər şeyə rəğmən Venesuela lideri xalq arasında böyük dəstəyə sahibdir.
Vasili Nebenzya

“Məncə biz, venesuelalılar olaraq zorakı olmamalıyıq. Fikrimcə, dialoq bizi cəmiyyət olaraq, ölkə olaraq irəli aparacaq” - supermarket işçisi Adrian Alvarez deyir.

“Neçə dəfə olub ki, dialoq aparılıb və hökümət bu dialoqa əməl etməyib, Yenidən eyni şeyi edəcəyik? Xeyr, bu dəfə dialoqa yer yoxdur” – hüquqşünas Xose Qreqorio Kastillo bildirir.

Venesuela ordusu Maduronu dəstəkləsə də, onun Vaşinqtondakı hərbi ataşesi şənbə günü Venesuelanın silahlı qüvvələrini Quaydonu legitim müvəqqəti prezident kimi tanımağa çağırıb.

XS
SM
MD
LG