ABŞ-ın Respublikaçı senatoru və prezidentliyə sabiq namizəd Marko Rubio əvvəlcə səsləndirdiyi fikrini dəyişərək Senata seçkilərə yenidən qatılacağını elan edib.
Rubio çərşənbə günü açıqladığı bəyanatında Senatın “ümidlərin boşa çıxdığı yer,” lakin “eyni zamanda, siyasi üstünlüklərin əldə oluna biləcəyi yer” olduğunu bildirib.
Rubionun cənub-şərq ştatı olan Floridadan Senata yenidən seçilmək istədiyini elan etməsi onun ötən il verdiyi vədlə ziddiyyət təşkil edir. O, keçən il prezidentlik kampaniyası müvəffəq olmadığı təqdirdə Senata daha qayıtmayacağını söyləmişdi.
Rubio martda təmsil etdiyi Florida ştatında partiyasının indiki ehtimali namizədi Donald Trampa məğlub olduqdan sonra prezidentliyə namizədliyini dayandırmışdı.
Senatda Respublikaçıların üstünlüyünü qorumağa çalışan partiya liderləri Rubionun son qərarından razıdır. Senatda üstünlüyə malik partiyanın lideri Miç Makkonel Rubionun elanından əvvəl jurnalistlərə Rubionun yenidən seçilməsinin “böyük uğur” olacağını deyib.
Senata namizəd Respublikaçı konqresmen Deyvid Colli Rubionun yenidən seçilməyinə şərait yaratmaq üçün cümə günü seçki kampaniyasını dayandırıb. Vitse qubernator Karlos Lopez Kantera Ribionun 30 avqustda ilkin seçkilərə qatıldığı təqdirdə namizəd olmayacağını açıqlayıb.
Bunun əksinə olaraq, respublikaçı namizəd və daşınmaz əmlak maqnatı Karlos Biruf namizədliy uğrunda mübarizəni davam etdirəcəyini deyib. O, çərşənbə günü verdiyi bəyanatda Rubio və Vaşinqtondakı siyasətçiləri tənqid edib: “Bu, Marko Rubionun şəxsi yeri deyil, bu, Florida ştatının Senatdakı yeridir. Vaşinqtondakı güc vasitəçiləri güman edirlər ki, bu mübarizəni idarə edə bilərlər. Onlar fikirləşirlər ki, Florida seçicilərinə onların namizədinin kim olacağına dair hökm edə bilərlər. Lakin Florida seçiciləri onlara itaət etməyəcək.”