Accessibility links

Avropa İttifaqı: Mehman Əliyevin həbsindən dərin narahatıq


Avropa İttifaqı və Azərbaycanın bayraqları

Avropa İttifaqı (Aİ) azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin durektoru Mehman Əliyevin saxlanması ilə bağlı dərin narahatlığını bildirib. Bu barədə Aİ nümayəndəsi ATƏT-in daimi iclasında bəyan edib.

Bundan öncə Aİ Azərbaycanda azad fikrin ifadə edilməsi üçün məkanın daralmasından, jurnalistlərin və hüquq müdafiəçilərinin siyasi motivli həbslərindən narahatlığını bildirmişdi.

Bu, mayın 12-də Bakı məhkəməsinin beş İnternet-KİV-in, o cümlədən onlayn-televiziya platformalarının bloklanması barədə qərarından sonra baş verir.

2015-ci ilin aprelindən indiyədək Avropa Şurasının jurnalistlərin təhlükəsizliyinə yardım platformasında Azərbaycanda KİV azadlığının məhdudlaşdırılması ilə bağlı 29 hal qeydə alınıb.

Aİ Azərbaycanın öz beynəlxalq öhdəliklərinə, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasının ifadə və informasiya azadlığı hüququnu müdafiə edən 10-cu maddəsi çərçivəsində öhdəliklərinə əməl etməsilə bağlı çağırış barədə ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi və Avropa Şurası baş katibinin bəyanatlarına qoşulur.

"Biz təkidlə Azərbaycan hökumətini qanunun aliliyi ilə bağlı öz öhdəliklərinə əməl etməyə və Mehman Əliyevin ədalətli məhkəmə çəkişməsi hüququnu təmin etməyə çağırırıq. Bu öhdəliklərə hörmətlə yanaşılması demokratik cəmiyyətin əsasını təşkil edir.

Biz Azərbaycanı Mehman Əliyevin dərhal azadlığa buraxılmasını tələb edən beynəlxalq strukturlarla sıx əməkdaşlıq etməyə, gələcəkdə Mehman Əliyevin əsas azadlıqlarının pozulmayacağına zəmanət verməyə çağırırıq", Aİ nümayəndəsinin bəyanatında deyilir.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı CM-in

213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyərək onun dərhal azad edilməsinə çağırıblar. ABŞ Dövlət Departamenti də M.Əliyevin dərhal azadlığa buraxılmasına çağırıb.

Fransa və Böyük Britaniya XİN-lər M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıblar.

XS
SM
MD
LG