Accessibility links

Jurnalistin apellyasiya şikayətinə baxılır


Cavid Şirəliyev

Həbsdə olan jurnalist, 7 gün.az saytının redaktoru Cavid Şirəliyevin Gəncə Apellyasiya Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Turan agentliyinin məlumatına görə, məhkəmənin keçirilməsinə səbəb jurnalistin və onun vəkilinin verdiyi kassasiya şikayətinin Ali Məhkəmə tərəfindən qismən təmin edilərək işin yenidən apellyasiya instansiyasına qaytarılması olub.

Ali Məhkəmənin qərarına uyğun olaraq proses məhkəmə istintaqı ilə keçirilir. Məhkəmədə ifadə verən zərərçəkən Şəfiqə Xankişiyeva baş verənləri xatırlamadığını bildirərək sualları "bilmirəm" deyə cavablandırıb. Şahid Asif Orucov isə Cavid Şirəliyevə qarşı ifadənin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə altında verdiyini və etirafedici ifadənin zorla imzaladığını bildirərək ifadəsindən imtina etdiyini məhkəmənin diqqətinə çatdırıb. Digər şahidlər isə ziddiyyətli ifadələr veriblər.

Məhkəmə 2018- ci il fevralın 9-na təyin edilib. Həmin gün həbsdə olan jurnalistin ifadə verəcəyi gözlənilir.

Cavid Şirəliyev 2014- cü ilin avqustunda həbs olunub və 5 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamı sifarişli hesab edir və məhkəmə prosesində təqsirinin sübuta yetirilmədiyini bildirib. Həbsindən üç il yarım keçəndən sonra Ali Məhkəmə təsdiq edib ki, ona qarşı tərtib olunan ittiham aktı qüsurludur və jurnalistlə bağlı ədalətli məhkəmə araşdırması aparılmayıb.

XS
SM
MD
LG