Accessibility links

Ali Məhkəmə AXCP-nin şikayətini təmin etməyib


Ali məhkəmə

Aprelin 25-də Azərbaycan Ali Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı şikayətini təmin etməyib.

Şikayət Ədliyyə Nazirliyinin AXCP-nin 2015-ci ilin payızında keçirilən sonuncu qurultayının qərarlarını qeydiyyata almaqdan imtinası ilə əlaqədar verilmişdi.

2015-ci il sentyabrın 27-də Əli Kərimli təkrarən AXCP sədri seçilib.

Qurultayın qərarları dövlət reyestrinə salınması üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Amma, Ədliyyə Nazirliyi AXCP-dən ayrılmış Razi Nurullayevin qrupu ilə yaranmış mübahisəni həll etmək üçün məhkəməyə müracit etməyi tövsiyə edib.

AXCP Ədliyyə Nazirliyinin bu qərarından məhkəməyə şikayət edib, amma birinci instansiya və apellyasiya məhkəmələrində şikayət təmin edilməyib.

Aprelin 25-də Ali Məhkəmədə hakim Rahib Nəbizadənin sədrliyi ilə şikayətə baxılıb. Amma, burada da əvvəlki məhkəmələrin qərarları qüvvədə saxlanılıb, bu barədə Amerikanın Səsinə AXCP-nin nümayəndəsi Səməd Rəhimli bildirib.

Ali Məhkəmə hesab edib ki, Ədliyyə Nazirliyi “partiyadaxili mübahisəni araşdıra bilməyəcəyini və tərəflərin problemi öz aralarında həll etməli olduğunu” iddia etməkdə haqlıdır.

“Biz bu insanların artıq partiyada təmsil olunmadığını qeyd etsək də, onların AXCP-dən çıxarılması haqqında qərarları göstərsək də, məhkəmə bizim dəlillərimizə diqqət yetirmədi”, AXCP nümayəndəsi bildirib.

Onun sözlərinə görə, AXCP “birləşmək hüququnun” (Avropa Konvensiyasının 11-ci maddəsi) pozulmasının tanınması xahişi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

XS
SM
MD
LG