Accessibility links

Avropa Məhkəməsi Rafiq Tağının öldürülməsi işi üzrə kommunikasiyaya başlayıb


Avropa Insan Hüquqları Məhkəməsi mərhum yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı şikayət üzrə kommunikasiyaya başlayıb. Şikayət onun həyat yoldaşı Mayilə Tağıyeva tərəfindən Avropa Məhkəməsinə göndərilib.

O, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ, xüsusən dövlətin bu hüququn qorunmasına yönələn tədbirlər görməsi), 10-cu (ifadə azadlığı) və 13-cü (səmərəli müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun tanınmasını istəyib. Onun hüquqlarını Rəşid Hacılı və Londonda fəaliyyət göstərən hüquqşünaslar Ms R. Remezaite, Mr P. Leach, Ms J. Gavron, Ms J. Evans and Ms K. Levine müdafiə edir.

Ərizəçi həyat yoldaşı Rafiq Tağının öldürülməsi ilə bağlı istintaqın effektiv aparılmamasından şikayətçidir. Avropa Məhkəməsi yuxarıda göstərilən maddələrin pozuntusu ilə bağlı suallardan əlavə, cinayət işi üzrə hökümətin hansı addımlar atması barədə məlumatların verilməsini xahiş edib.

Avropa Məhkəməsi həmçinin daha 5 iş üzrə də kommunikasiyaya başlayıb. Onlar arasında Rafiq Tağının işi ilə bağlı bir iş də var. O, Rafiq Tağıyev və Samir Hüseynovun 2006-cı ildə “Biz və Avropa” adlı məqaləyə görə həbs edilməsi ilə bağlıdır.

2006-cı ildə Səbail rayon Məhkəməsi Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə onları təqsirli bilib R.Tağını 3 il, S.Hüseynovu 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, daha sonra onlar prezidentin əfv fərmanı ilə azadlığa çıxıblar. Konvensiyanın 10-cu (ifadə azadlığına müdaxilə baş veribmi) və 7-ci maddələrinin (Ərizəçilərin məhkum olunmasına dair akt milli qanunla cinayət ittihamı sayılırmı) pozuntusunun olub-olmaması ilə bağlı hökümətə suallar ünvanlanıb.

Avropa Məhkəməsi həmçinin Tofiq Yaqublu, Ramiz Əhədov, Zərifə Mahəddinova, Natəvan Səlimzadə, Kəmalə Xəlilova, Mardanə Hüseynovanın işgəncə və qeyri-insani rəftar, toplaşmaq azadlığının pozulması haqqında şikayətləri üzrə kommunikasiyaya başlayıb.

XS
SM
MD
LG