Avropa Insan Hüquqları Məhkəməsi Azadlıq qəzetinin baş redaktoru Qənimət Zayidovun 2007-ci ildə xuliqanlıqda və sağlamlığa az ağır xəsarət yetirməkdə ittiham edilərək 4 il azadlıqdan məhrum edilməsi ilə bağlı verilən şikayət üzrə kommunikasiya başlayıb. Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.
“Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 və 6.3 (d) maddələrinin pozuntusundan (ona qarşı cinayət ittihamının qanunsuzluğundan) şikayət edib. Avropa Məhkəməsi həmin maddələrin pozulub-pozulmamağı ilə bağlı hökümətə suallar ünvanlayıb. Məhkəmə xüsusən cinayət işi üzrə mövcud olan sübutlarla bağlı xeyli suallar göndərib. O həmçinin iş üzrə sənədləri, o cümlədən məhkəmə iclasının protokolunu istəyib”, vəkil yazıb.
Qənimət Zayidov Amerikanın Səsinə bildirib ki, indi həbsdə olanların şikayətinə növbədənkənar qaydada baxılmalıdır.
“ Biz hər halda həbsdə deyilik”, o, Amerikanın Səsinin məhkəmənin 10 ildən sonra kommunikasiyaya başlaması ilə bağlı sualına belə cavab verib.
Hazırda Fransada mühacirətdə olan Azadlıq qəzetinin baş redaktoru Qənimət Zayidov 2007-ci ildə bir qadının şahid ifadəsi əsasında ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Sonradan 2009-cu ildə həmin qadının özü narkotik itithamı həbs edilib. Qənimət Zayidov 2010-cu il martın 18-də əfv olunaraq azadlığa buraxılıb. Baş redaktor ailəsi üçün təhlükələr yarandığını bildirərərk Fransaya mühacirətə gedib.