Accessibility links

Prokurorluq və Sərhəd Xidməti jurnalistin dövlət sərhədini keçdiyini iddia edir


Azərbaycanlı jurnalist Əfqan Muxtarlının saxlanılması ilə bağlı ölkənin Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

Məlumatda deyilir ki, “Əfqan Muxtarlı 29 may 2017-ci idə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycanın mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycana qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib”.

Prokurorluğun və Sərhəd Xidmətinin versiyasına görə, Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, "Bank of Georgia ekspress" plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.

Muxtarlı şübhəli şəxs qismində saxlanılıb və mayın 30-da ona qarşı Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb, məlumatda qeyd edilir.

Əfqan Muxtarlı ittihamları qəbul etmir. Muxtarlının vəkilinin dediyinə görə, jurnalist məhkəmədə Gürcüstanın kriminal polisi tərəfindən oğurlanaraq Azərbaycan tərəfinə verildiyini, onu gətirən avtomobilin sərhəd məntəqəsindən dayanmadan keçdiyini, cibinə 10 min avro qoyduqlarını deyib.

Gürcüstan prezidenti də bəyanatında jurnalistin Tbilisidə oğurlanması barədə məlumatların araşdırılmasının vacibliyini bildirib.

Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının dərhal azadlığa buraxılmasını, jurnalistin oğurlanaraq Gürcüstan və Azərbaycan sərhədindən sənədsiz keçirilməsinin araşdırılmasını tələb edir.

Əfqan Muxtarlı və onun xanımı, araşdırmaçı jurnalist Leyla Mustafayeva 2015-ci ildən Gürcüstanda yaşayır. Əfqan Muxtarlı Azərbaycan iqtidarının əleyhinə keçirilən aksiyalarda iştirak edib və araşdırma yazılarında hökumətin rəsmi strukturlarındakı korrupsiya faktlarından yazıb. Jurnalist son aylarda Tbilisidə izləndiyini yazırdı.

XS
SM
MD
LG