Accessibility links

Məscidlərdən pulla yanaşı, kəfənlər də oğurlanır


Aprelin 23-də Masallı rayonunun Aşurlu kənd məscidində oğurluq olduğu bildirilir.

Bu barədə məlumat verən Cənubpress.az internet qəzetinin redaktoru Mirələm Həşimov oğurluğun günorta saatlarında baş verdiyini deyib:


“Qəza namazı qılmaq adı ilə məscidə daxil olan şübhəli şəxslər kassa qutusunu qıraraq içindəki pulları götürüblər...”

Kassadan müxtəlf valyutalarda pul götürüldüyü iddia edilir.

Ölkənin kütləvi informasiya vasitələrində (KİV) məscidlərdə baş verən oğurluq hadisələri ilə bağlı ara-sıra məlumatlara rast gəlmək mümkündür.

Yerli saytların yaydığı məlumatlara görə, son 8 ildə 30-a yaxın müxtəlif dinə məxsus ibadət yerlərindən oğurluq baş verib.

Bəzi rayonlarda nəzir qutularının oğurlandığı deyilir.

Mirələm Həşimova görə, adətən məscidlərdən oğruluq edənlər narkotik vasitələrdən asılı olanlar edir:

“Ötən dəfə də məsciddə oğurluq olmuşdu. Polisə getdim, gördüm ki, oğrular narkomanlardır. Tutulanların çoxu narkomandır. Maraqlıdır ki, onlar haradan biliblər ki, məsciddə bu qədər pul var...”

“Adətən bu barədə polisə məlumat vermək istəmirlər”

Astara rayon sakini, 84 yaşlı Höccət Yusubov deyib ki, 30-40 il bundan əvvəl belə hallar yox idi:

“Mən öz yaşımdan görmüşəm, o dövrdə məscidlərdə oğurluqlar olmayıb. Ümumiyyətlə məsidə pul verməzdilər. Nə nəzir qutuları var idi, nə də kassa. Məscidə 1-2 kiloqram qənd, quru çay aparardılar. Orada çay içərdilər, ibadətlərini edərdilər, çıxıb gedərdilər. Düzdür, o dövrdə məscidlərin çoxunu anbar etmişdilər. İşləyən məscidlər də tarixi abidələr kimi fəaliyyət göstərirdi. Əslində oğurluq etməyə bir şey olmayıb. İndi məscidlərdə oğurluq halları artıb. Bizim kənd məscidindən oğurluq etmişdilər. Qonşu Məscidməhəllə kəndinin məscidindən həmişə oğurluq çox olub. Adətən bu barədə polisə məlumat vermək istəmirlər. Özləri həll edirlər. Bu da oğurluq etmək istəyənlərə yol açır. Başqa yerdə oğurluq etsə həbs edərlər... Allahın tövbə qapısı həmişə açıqdır.”

“Rusiyada və başqa yerlərdə işləyən kənd sakinləri nəzir göndərirlər”

O deyib ki, məscidlərə verilən nəzirin çox hissəsini xaricdə işləyən kənd sakinləri göndərirlər:

“Rusiyada və başqa yerlərdə işləyən kənd sakinləri nəzir göndərirlər. Oğlum Qazaxıstandadır. Həmişə 100-150 dollar göndərir. Kassaya atmıram. Orda xidmətçi var ona verirəm. Oğurlanan məbləğ az olanda heç kimə demirlər, ümumiyyətlə səslərini çıxartmırlar. Məbləğ çox olanda səs-küyə səbəb olur. Hesabını gərək verəsən. Oğurluq edənlər cavanlardır. Ehtiyacdan irəli gəlir. Yaşayışı yaxşı olsa oğrluq etməz ki...”

Azərbaycan Yazıçılar Birliyin üzvü, şair Aqil Ərəbov isə məsələni belə dəyərləndirir:

”Günahdır. İbadət yerindən oğurluq etmək cəmiyyətdə olan müəyyən qüsurların, haqsızlıqların, işsizliklərin meydana gəlməsindən irəli gəlir. Eşidirəm, oğurluq edənlər əsasən cavanlardır. Cavan yaşında insan işləməlidir, təhsil almalıdır. Baxırsan, oğurluq edənlərin mütləq əksəriyyəti işsizlərdir...Bütün hallarda oğurluq çox böyük günahdır.”

Astara rayon Təngərüd kənd məscidinin müftisi Sabir Zahidov isə oğurluqlar arasında fərq görmür:

“Islam oğruluğu haram buyurub. Deyirlər məsciddə oğurluq olubsa bu başqa məsələdir. Fərq etmir, oğurluq oğurluqdur. O adamın oğradığı pulda zəhməti yoxdur. Quranda var, haram buyurulub. Dilənçilik də haramdır. Bunlar insanın şəxsiyyətinə xələl gətirən hallardır. Camaat niyyət edib, gətirib məscidə.O niyyətlə gətirməyib ki, onu oğurlasınlar. Bizim məsciddən 3 il bundan əvvəl 5 dəst kəfən oğurlamışdlar. Kassa var, nəzarət edilir. Həm də təbliğat aparırıq ki, oğuruluq etmək olmaz. Bizdə kənddə son zamanlar oğuruluq da azalıb.”

XS
SM
MD
LG