Meydan televiziyasının Bakı ofisinin fəaliyyətini dayandırıb. Bu barədə televiziyanın saytında məlumat yerləşdirlib.
Məlumatda deyilir ki, 9 dekabr 2014-cü ildən etibarən Meydan TV-nin Bakı bürosu öz işini dayandırır. “Buna səbəb Azərbaycanda söz və ifadə azadlığının boğulması, müstəqil mediaya edilən təzyiqlərdir”.
Meydan TV rəhbərliyi bəyan edir ki, əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün bu addımı atmağa məcburdur.
Meydan Televiziyasının Bakı ofisi bir ilə yaxındır fəaliyyət göstərir. Televiziya Avropa Demokratiyaya Dəstək Fondunun (Avropa İttifaqının qurumu) maliyyə dəstəyi ilə yaradılıb. Kanalın əsas ofisi Berlində yerləşir. Onun yaradıcısı Emin Milli (Abdullayev) Azərbaycandan mühacirət etmiş keçmiş siyasi məhbusdur.
Hakimiyyət dəfələrlə bu kanalı Azərbaycan haqqında “yalan və böhtan” yaymaqda ittiham edib. Sonuncu dəfə bir neçə gün öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Meydan televiziyasını tənqid etmişdi.