Prezident Donald Trampın illik hesabat məruzəsinə Demokrat Partiyasının adından Miçiqan ştatı qubernatoru Qretçen Vitmer cavab verəcək. Müxalifətin sözçüsü qismində Vitmerin irəli sürülməsi qarşıdan gələn prezident seçkilərində qızğın yarış məkanı olacaq Miçiqan ştatının əhəmiyyətini önə çəkir.
Demokratların namizədliyi uğrunda mübarizənin önündə 70 yaşlarda olan iki kişinin – Co Bayden və Berni Sandersin getdiyi bir durumda ulduzu yüksəlməkdə olan 48 yaşlı siyasi liderin müxalif sözçü kimi müəyyənləşdirilməsi qadın seçiciləri mübarizəyə cəlb etmək baxımdan taktiki gediş kimi qiymətləndirilir.
Vitmerin bu imtiyaza layiq görülməsi həmçinin onun potensial vitse-prezidentliyə namizəd olacağı barədə spekulyasiyalara yol açıb, hərçənd ki, Miçiqan qubernatoru bu vəzifədə maraqlı olmadığını aydın edib.
Öz bəyantlarında nadir hallarda Trampın adını çəkən Vitmer Demokrat iddialılara bildirib ki, seçiciləri Tvitter hesablarından çox yolların təmiri və insanların yüksək maaşlı işlə təmin olunması kimi fundamental məsələlər maraqlandırır.
Güman etmək olar ki, onun Prezident Trampın illik hesabat məruzəsinə 10 dəqiqəlik cavabı bu notları vurğulayacaq.
Qubernator Vitmer çıxışı iki qızının şagirdi olduqları Şərqi Lansing Orta Məktəbində edəcək.
“Amerikada xalqı narahat edən fundamental məsələlər bunlardır” - deyə, Vitmer Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin onunla razılaşdığını deyib.
Demokrat strateq Adrienne Elrod Trampa cavab vermək üçün Vitmerdən ideal namizəd təsəvvür etmədiyini deyib.
Belə ki, Vitmer mərkəzçi mövqeyi ilə tanınan ştatda böyük səs fərqi ilə 2016-cı ildə qələbə çalıb və Demokratlar üçün prezident seçkilərində bu ştatda qələbə qazanmaq olduqca əhəmiyyətlidir.