ABŞ-ın texnologiya nəhəngi Microsoft Rusiya, İran və Çinlə əlaqəli hakerlərin ABŞ prezidenti Donald Tramp və onun demokrat rəqibi Co Baydenlə əlaqəsi olan insanları və təşkilatları hədəf aldığını bildirir.
Sentyabrın 10-da Baydenin seçki kampaniyası üzrə əsas məsləhətçi firması Microsoft-dan 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə edən eyni rus hakerləri tərəfindən hədəf alındığı məlumat aldığını bidirdiyi vaxta təsadüf edib.
Texnologiya şirkəti bildieib ki, yeni müəyyən olunmuş haker fəaliyyətinin 3 noyabr prezident seçkiləri ərəfəsində ABŞ-ın siyasi kampaniyalarını və əlaqəli qruplarını hədəfə almaq üçün daha geniş səylərin bir hissəsi olduğu güman edilir.
"Gördüklərimiz yalnız namizədləri və seçki kampaniyası işçilərini deyil, həm də əsas məsələlərdə məsləhət aldıqları şəxsləri və orqanları hədəf alan əvvəlki hücumlarla uyğundur" deyə Microsoftun vitse-prezidenti Tom Burt bir bloq yazısında yazıb.
Avqust ayında ABŞ-ın kəşfiyyat rəsmiləri rusların Respublikaçı Prezident Trampa, çinlilərin isə ABŞ-ın keçmiş vitse-prezidenti Baydenə üstün verdiklərini bildirib.
Bununla birlikdə Microsoft son açıqlamasında Çin dövlətinin dəstəklədiyi hakerlərin Bayden kampaniyasına bağlı insanlar da daxil olmaqla, "seçki ilə əlaqəli yüksək səviyyəli şəxsləri" hədəf aldıqlarını söyləyib.
Mütəxəssislər isə çinli hakerlərin ümumiyyətlə iqtisadi və siyasi üstünlük qazanmaq üçün kəşfiyyat apardığını, Moskvanın isə digər hökumətlərin sabitliyi pozmaq üçün silah kimi istifadə oluna biləcək oğurluq məlumatları axtardığını deyir.
FireEye kiber təhlükəsizlik firmasının kəşfiyyat təhlili direktoru Con Hultquist Associated Press xəbər agentliyinə bildirib ki, Microsoft-un məlumatları Rusiya hərbi kəşfiyyatının ABŞ səlahiyyətliləri tərəfindən edilən hüquqi ittihamlara, sanksiyalara və digər tədbirlərə baxmayaraq seçki ilə əlaqəli hədəfləri davam etdirdiyini göstərir.
"Bu, 2016-cı ildən bəri potensial olaraq həmişəki kimi işini davam etdirən oyunçudur" deyə o bildirib. "Biz inanırıq ki, Rusiya hərbi kəşfiyyatı demokratik prosesə ən böyük hədə olmağa davam edir" deyə Con Hultquist əlavə edib.
ABŞ kəşfiyyat agentlikləri və Konqresin təhqiqatçıları Rusiya hərbi kəşfiyyatının 2016-cı il seçki kampaniyasında Demokratları hədəfə alaraq və utandırıcı material yayaraq Trampın kampaniyasına fayda vermək üçün müdaxilə etdiyini təyin edib. Lakin Moskva bu ittihamları rədd edir.
Şübhəli bilinən haker qrupu Rusiyanın Baş Kəşfiyyat İdarəsinin bir bölməsidir: 85-ci Baş Xüsusi Xidmət Mərkəzinin 2616 saylı hərbi hissəsi.
APT28 və ya “Fancy Bear” kimi tanınan bu qrup və digər rus haker qrupları son illərdə bir çox Qərb hökumətləri, düşüncə mərkəzləri və şirkətlərə qarşı çox sayda kiberhücum həyata keçirməkdə günahlandırılır.
Microsoftun vitse-prezidenti Tom Burt İran və Çin agentləri tərəfindən də həyata keçirilmiş son hakerlik cəhdlərinin əksəriyyətinin şirkətin təhlükəsizlik proqramı tərəfindən bloklandığını bildirib. Lakin o bununla bağlı əlavə məlumat verməyəcəyini söyləyib.
Şirkət həmçinin Vaşinqtonda yerləşən kampaniya strategiyası və komunikasiya şirkəti olan SKDKnickerbocker-in Rusiya agentləri tərəfindən hədəfə alındığını bildirir.
Eyni zamanda Baydenin seçki kampaniyası "kampaniya ilə əlaqəsi olan insanların şəxsi email hesablarına" xarici müdaxilənin olduğundan xəbərdar olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov isə öz növbəsində sentyabrın 10-da Microsoft-un açıqlamasından öncə mediada daha öncə yer alan hakerlərlə əlaqədar xəbərləri təkzib edib.
Peskov Moskvada jurnalistlərə "Təəssüf ki, hörmətli xəbər agentliklərinin yayımladığı xəbərlər bəzən daha cəfəngiyat kimi görünür" deyə bildirib.