Mərkəzi Seçki Komissiyası seçkilərinin ilkin nəticələrini fevralın 10-u səhər saatlarında açıqlayıb.
MSK sədri Məzahir Pənahov 118 seçki dairəsindən seçki məntəqələrinin 87%-nin məlumatlarını açıqlayıb. Bu məlumatlara əsasən, Yeni Azərbaycan Partiyası 65 yer qazanaraq, parlamentdə əksəriyyət təşkil etməyə davam edir.
40 mandatı müstəqil namizədlər qazanıb. Vətəndaş Həmrəyliyi Partiyasından 3, Vətən, Demokratik İslahatlar, Vətəndaş Birliyi, Vəhdət, Vahid Azərbaycan Xalq Cəbhəsi, Demokratik Maarifçilik, Böyük Quruluş partiyalarının hər birindən bir namizəd deputat seçilib.
Müxalif Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli də parlamentə seçilib. Amma partiya rəsmi qeydiyyatdan keçmədiyinə görə o, müstəqil namizədlər kateqoriyasındadır.
Son iki çağırış parlamentin deputatı, namizəd Fərəc Quliyevin namizədliyini geri götürməsi müqabilində Mehman Hüseynova pul tələb etməsi ilə əlaqədar qalmaqal yaşanan 31 saylı Suraxanı ikinci seçki dairəsində, MSK-nın məlumatına görə, təhsil üzrə ekspert Etibar Əliyev liderlik edir.
7 dairə üzrə nəticələr yaxın saatlarda elan ediləcək. Söhbət 17 saylı Yasamal üçüncü, 35 saylı Xətai üçüncü, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Xızı, 77 saylı Astara, 123 saylı Kəlbəcər və 125 saylı Zəngilan-Qubadlı seçki dairələrindən gedir.
Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.
Səsvermə Bakı vaxtı ilə saat 8-də başlayıb. Müşahidələr seçici fəallığının aşağı olduğunu göstərib.
Bununla yanaşı, seçki məntəqələrinin daxilində aktivlik olub. Seçiçilər az olsa da, müşahidəçilər fəal olub. Xüsusilə müxalif namizədlərin müşahidəçiləri, səlahiyyətli nümayəndələri və vəkilləri seçki prosesində qanunvericiliyə əməl edilməsini tələb edib. Onlar hər bir seçicinin kimliyini öyrənib, seçki komissiyasının üzvlərini intizama dəvət edib.
Seçkiləri həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçisi müşahidə edib. Seçki günü Avropa Şurası Parlament Assambleyasının və ATƏT Parlament Assambleyasının müşahidəçiləri də DTİHB-nin müşahidəçiləri ilə birlikdə səsvermə prosesini izləyib.
Aparıcı müxalifət qurumlarından Milli Şura və Xalq Cəbhəsi Partiyası, o cümlədən Haqq Ədalət Partiyası seçkiləri boykot edib. Bu siyasi qurumlar seçkiqabağı mühitin demokratik seçkilər keçirilməsinə imkan vermədiyini bəyan edib.
Bununla yanaşı, müxalifətdə olan Müsavat və Real Partiyaları seçkilərə qatılıb. Bu qurumlar demokratik seçki mühiti yaradılması üçün seçkilərdə iştirakın vacibliyini bildirib.
Hökumət və Mərkəzi Seçki Komissiyası isə ölkədə demokratik seçkilərin keçirilməsi üçün bütün imkanların yaradıldığını bəyan edib.