Özbəkistanın müdafiə naziri Abdusalom Azizov Azərbaycanda rəsmi səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 16-da Azərbaycan və Özbəkistan müdafiə nazirlərinin əvvəl təkbətək, sonra geniş tərkibdə görüşü olub.
Z.Həsənov bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.
Özbəkistanın müdafiə naziri Azizov Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və ordu quruculuğundakı nailiyyətlər barədə məlumatlı olduğunu qeyd edərək bu təcrübədən istifadə edilməsində maraqlı olduqlarını bildirib.
Tərəflər Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün yekununda Azərbaycan ilə Özbəkistan arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.