Azərbaycan müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir ilk öncə yeni istifadəyə verilmiş qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.
Müdafiə naziri şəxsi heyət qarşısında çıxışında son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
"Qısa bir müddətdə artıq ikinci hərbi şəhərciyin açılışını edirik. İl ərzində hər ay biz yeni hərbi şəhərciklərin istifadəyə verilməsini həyata keçirəcəyik”, nazir qeyd edib.
Həsənov bildirib ki, işğal olunmuş torpaqları azad etmək üçün döyüş hazırlığı daim artırılmalıdır.
“Keçirilən irimiqyaslı təlimlər ordumuzun gücünü və qüdrətini bir daha nümayiş etdirir. Təlimlərə cəlb olunan döyüş texnikası, aviasiya, raket-artilleriya qurğuları və digər vasitələrin istifadəsi ilə yanaşı, ən əsası şəxsi heyətin ruh yüksəkliyini, vətənpərvərlik əzmini, Azərbaycan əsgərinin peşəkarlığını və hazırlığını xüsusi qeyd etmək istərdim.
Son dövrlərdə düşmənə vurulan zərbələr işğalçıları qorxuya salıb, o, vahimə içindədir. Ermənistan iflic vəziyyətinə düşərək iqtisadiyyatı çökür, ordusu isə dağılmaq həddindədir. Düşmən anlamalıdır ki, onun yeganə çıxış yolu işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Əks halda, Silahlı Qüvvələrimiz xalqımız və dövlətimiz qarşısındakı müqəddəs vəzifəni - torpaqlarımızın işğaldan azad edilməsi missiyasını yerinə yetirəcəkdir", müdafiə naziri qeyd edib.
Öz növbəsində, Ermənistan tərəfi bir qayda olaraq ordusunun döyüş qabiliyyətinin yeksək olduğunu bəyan edir.