Accessibility links

Azərbaycan və Ermənistan rəsmiləri ABŞ kəşfiyyatının müharibə riski ilə bağlı hesabatına reaksiya verib


Hikmət Hacıyev

ABŞ-ın xüsusi xidmət orqanlarının dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev münasibət bildirib.

"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir," Hacıyev qeyd edib.

ABŞ milli kəşfiyyatının direktoru Daniel Koutsun ofisi fevralın 13-də "Kəşfiyyat birliyi tərəfindən dünya üzrə təhdidlərin qiymətləndirilməsi" adlı hesabat yayıb. Sənəddə Ermənistan və Azərbaycan arasında irimiqyaslı münaqişənin mümkünlüyündən narahatlıq ifadə olunub.

Öz reaksiyasında Azərbaycan rəsmisi əlavə edib: "Ermənistanın Azərbaycan ərazilərini hərbi işğal altında saxlaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini davam etdirməsi və ərazilərin ilhaq edilməsinə (anneksiya) cəhd göstərməsi şəraitdə sülhdən danışması açıq riyakarlıq, məsuliyyətsizlik və qeyri-ciddi yanaşmadır."

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir.
Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü

Hacıyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq "Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması"-nın təmin olunmasına çağırıb.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan ABŞ kəşfiyyatının dərc etdiyi hesabatın qənaəti ilə razılaşdığını və situasiyanın "partlayış" potensialına malik olduğunu bildirib.

“2016-cı ilin aprelində baş verən hadisələr buna dəlildir,” deyə Panarmenian.net saytı Koçaryana istinadən yazıb.

2016-cı ilin aprelində cəbhə xəttində intensivləşən döyüşlər nəticəsində hər iki tərəfdə onlarla hərbçi həlak oldu.
2016-cı ilin aprelində cəbhə xəttində intensivləşən döyüşlər nəticəsində hər iki tərəfdə onlarla hərbçi həlak oldu.

"Mübahisəli Dağlıq Qarabağ ətrafında gərginlik Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəyə çevriləcək və öz regional müttəfiqinə dəstək üçün Rusiyanın da bura cəlb edilməsi mümkündür," ABŞ kəşfiyyatçılarının yaydığı sənəddə deyilir.

Qeyd olunur ki, tərəflərin kompromisə meylli olmaması, daxili bazarda artan təzyiqlər, Azərbaycan hərbi qüvvələrinin davamlı modernləşdirilməsi, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlar riskini artırır.

XS
SM
MD
LG