Accessibility links

Mustafa Cəmilov: Son zamanlar işgəncələrə də əl atılır


BMT-nin Baş Assambleyasının komitəsi noyabrın 14-də Krımla bağlı yeni qətnaməni qəbul edib. Krımda insan haqlarına dair sənəddə Krım tatarlarının məclisinin fəaliyyətinə qoyulmuş qadağanın götürülməsinə çağırılır.

Krım tatarlarının lideri Mustafa Cəmilov Nyu Yorkda Amerikanın Səsinin Rus xidmətinə müsahibəsində bildirib ki, bu dəfə qətnatmənin tonu daha sərtdir və sənəddə Krımda insan haqlarının pozulması halları daha açıq şəkildə göstərilir.

Onun sözlərinə görə, Krım tatarları hazırda yeni məcburi deportasiya qarşısındadır.

“İşğalçı hökumət bütün demokratik azadlıqların ləğvinə başladı. Kütləvi informasiya vasitələri nəzarətə götürülüb, yığıncaqlar, mintinqlər, piketlər qadağan edilib. Bir sözlə, “sovet hakimiyyəti” qurulub. Son zamanlar isə repressiyalar daha da güclənib. İlk günlər liberal nəsə hələ mövcud idi, Krım tatarlarının ATR tele-kanalı var idi, onların məhdud qaydada nəsə demək imkanı var idi. Bir neçə aydan sonra onu da bağladılar. İndi hər şey işğalçı hakimiyyətin nəzarətindədir, heç bir azadlıq yoxdur. İnsanlar bir-biri ilə danışmağa qorxurlar, çalışırlar küçəyə çox az çıxsınlar. Bir də ki həbslər! Müxtəlif motivlərlə.”

Mustafa Cəmilovun bildirdiyinə görə, hakimiyyət Rusiyanın ərazi bütövlüyü məsələsinə xüsusilə həssas yanaşır.

“Əgər kimsə Krımın Ukraynanın tərkib hissəsi olduğunu, qeyri-qanuni işğal olunduğunu deyirsə, bu, Rusiyanın ərazi bütövlüyünə qəsd hesab edilir.”

Krım tatarlarının lideri məhbusların işgəncəyə məruz qaldıqları haqda danışıb.

Kütləvi informasiya vasitələri nəzarətə götürülüb, yığıncaqlar, mintinqlər, piketlər qadağan edilib. Bir sözlə, “sovet hakimiyyəti” qurulub.

​“Son zamanlar işgəncələrə əl atmağa başlayıblar. Əvvəllər belə şey yox idi. Birinci dəfə belə hal Yevpatoridə baş verib. Gənc oğlanı Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməyə məcbur etdirmək üçün ona işgəncə verilib. İnsanı əməkdaşlıq haqda iltizam verməyə məcbur etmək üçün ona elektriklə işgəncə verilib. İki həftə bundan əvvəl isə daha bir adamı qəddarcasına döyüblər, ələ salıblar, alçaldıblar, lüt soyundurublar. Hamısı da onu FSB ilə əməkdaşlıq haqda iltizam verməyə məcbur etdmək üçün.”

Mustafa Cəmilov əlavə edib ki, Rusiya BMT-nin və digər beynəlxalq təşkilatların bundan əvvəl qəbul etdiyi qətnamələrin heç birinə əməl etməyib.

“İlk növbədə, Krım tatarları xalqının məclisinin fəaliyyətinə qoyulmuş qadağanın götürülməsi, Krım tatarlarının liderlərinin öz ərazilərinə daxil olmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması kimi məsələləri müzakirə edəcəyik.”

Mustafa Cəmilov Krım tatarlarının deportasiya ilə qarşılaşdığını qeyd edib. O, Krımda deportasiya olunmuş xalqların reabilitasiyasına dair qanunu “mənasız qanun” adlandırıb və bu qanunun qəbul edilməsindən sonra tatarlar əleyhinə təbliğatın gücləndiyini deyib.

Biz deportasiyadan sonra yarım əsr vətənə qayıtmaq uğrunda mübarizə aparırdıq, indi də onu tərk edək?

“Mən özüm getməmişəm. Məni sadəcə olaraq oraya buraxmırlar. Biz iki ildir bu qərarın ləğvinə çalışırıq. Çünki bu qərar Rusiya qanunvericiliyinə zidd olaraq qəbul edilib. Ən əsası isə odur ki, bizə möhürlə, ya da imza ilə heç bir kağız verməyiblər. Onlar deyir ki, belə bir qadağa yoxdur, bunu mən özümdən uydurmuşam. Amma məni buraxmırlar. 2014-cü ildə mayın 3-dən sonra minlərlə adam məni qarşılamağa çıxanda, məni buraxmadılar və onda hər şey aydın oldu. İndi AŞPA-nın, Avropa Parlamentinin, ATƏT-in qətnamələrində, eləcə də Haaqada beynəlxalq məhkəmənin qərarı ilə bunun qeyri-qanuni qadağa olduğu deyilir. Amma buna əməl edilmir.”

Mustafa Cəmilov Krımı tərk edən insanlar haqda danışıb.

“Biz Kiyevdən həmvətənlərimizə müraciət edərək deyirik ki, onlar vətəni tərk etməsinlər. Çünki biz deportasiyadan sonra yarım əsr vətənə qayıtmaq uğrunda mübarizə aparırdıq, indi də onu tərk edək? Amma insanlar elə vəziyyətə salınıblar ki, xüsusilə də indi adam oğurlanması və gizli şəkildə qətlə yetirilməsi kimi. Biz onlara deyəndə ki, “niyə görə vətəni tərk edirsiniz?”, onlar cavab verir ki, “siz bizə qarantiya vermirsiniz ki, sabah mənim uşağımı qaçırmayacaqlar, ya da öldürməyəcəklər”. Bizim hesabamalarımıza görə, Krımı 50 mindən çox adam tərk edib. Onların 20 minindən çoxu Krım tatarlarıdır. Halbuki onlar əhalinin 13 faizini təşkil edir. Yəni bi qədər vaxt vətənə qayıtmaq uğrunda mübarizə aparasan, indi yenidən vətəni tərk etmək məcburiyyətində qalasan”.

Mustafa Cəmilov Krımın işğalının Rusiyanın maraqlarına xidmət etmədiyini bildirib. O, beynəlxalq sanksiyaların gücləndirilməsi ilə Moskvanı beynəlxalq qanuna hörmət etməyə məcbur etdirməyin mümkün olduğuna inandığını deyib.

“Totalitar rejimlər qəflətən dağıla bilər. Bu gün, bir həftədən sonra, Allah bilir nə vaxt. Eynilə sovet hakimiyyəti ilə belə olmuşdu: onlar axıra qədər hakmiyyətdən yapışmışdılar, elə bil ki yüz illər belə olacaqdı. İndi də Rusiya rejimi. Təəssüf ki, Rusiyada güclü demokratik hərəkat yoxdur, varsa da, onlar bir-biri ilə ümumi dil tapa bilmir. Amma biz kifayət qədər nikbin olmaq istəyirik. Belə düşünürəm ki, hər halda yaşadığım müddətdə mən Krıma qayıda biləcəm və biz bu cinayətkarların məhkəməsini görə biləcəyik.”

XS
SM
MD
LG