Myanmanın hərbi qüvvələri bazar ertəsi fövqəladə vəziyyət elan edərək, lider Aunq San Suu Ki və digərlərini həbs etdiklərini və hakimiyyəti ələ keçirdiklərini bildirdi.
Hakimiyyət Myanma ordusu Tatmadavla noyabr seçkilərində qalib gələn hakim Milli Demokratiya Uğrunda Birlik (NLD) arasında bir neçə gün davam edən gərginlikdən sonra ələ keçirilib.
Tatmadav seçkilərdə geniş saxtakarlığın olduğunu iddia edərək, nəticələri qəbul etməkdən imtina edib və demokratiya uğrunda mübarizə aparan ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.
Vaşinqtonda Prezident Co Bayden ABŞ-ın Myanmaya qarşı sanksiyaların aradan qaldırılması qərarını yenidən nəzərdən keçirməli olduğunu bildirib. “Birləşmiş Ştatlar son on ildə demokratiyaya doğru irəlilədiyinə əsaslanaraq Birmaya qarşı sanksiyaları aradan qaldırıb. Bu prosesin geriyə qaytarılması sanksiya qanunlarımızın və səlahiyyətlilərimizin dərhal nəzərdən keçirilməsini və müvafiq tədbilər görülməsini tələb edəcək” - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Myanmaya böyük sərmayələr qoyan və orduya yaxın olan Çin hadisələri sadəcə olaraq "qeyd edib" və tərəfləri “fikir ayrılıqlarını uyğun şəkildə həll etməyə” çağırıb.
ASEAN regional bloku tərəfləri “dialoqa, barışığa və normal vəziyyətə qayıtmağa” çağırıb. Asiya üzrə bəzi müşahidəçilər ordunun hakimiyyəti ələ keçirilməsinin Bayden administrasiyası üçün ilk sınaq olacağını deyir. Qreqori Pollinq: “Baydenin komandası demokratiyaya üstünlük verməklə və dəyərlər və demokratiyanı xarici siyasətdə diqqət mərkəzində saxlamaqla Asiya ilə əlaqələrin necə tənzim edilməsini müəyyən etməli olacaq. Lakin Baydenin komandası eyni zamanda, Myanmada çox az təsir gücünə malik olduğu faktı ilə barışmalı qalacaq.”
BMT-nin Baş Katibi Antonio Quterres Myanmanın siyasi liderlərinin həbs edilməsinin demokratik islahatlara "ciddi bir zərbə" olduğunu deyib və ordunu seçki nəticələrinə hörmət göstərməyə çağırıb. BMT sözçüsü Stefani Dujarrik: "Baş katib 2020-ci il noyabrın 8-i seçkilərinin Myanma xalqının çətin qazanılmış demokratik islahatlar yolunu davam etmək üçün iradəsini əks etdirən Milli Demokratiya Uğrunda Liqaya güclü bir mandat verdiyini vurğuladı."
BMT-nin Myanma üzrə xüsusi məruzəçisi Tom Andryus demokratiyanın generallar tərəfindən devrildiyini deyib. "Bu vicdansızlıqdır. Bu, dərin narahatlıq doğurur."
Avropa İttifaqı Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Cozef Borell Twitter səhifəsində hərbi müdaxiləni “qətiyyətlə” qınadığını bildirib və həbs edilənlərin dərhal azad edilməsinə və seçkilərin nəticələrinə hörmət göstərilməsinə çağırıb.
Eyni tələbi Britaniyanın Baş Naziri Boris Conson da edib.
BMT-nin Təhlükəsizlik Şurası Myanmadakı vəziyyəti müzakirə etmək üçün çərşənbə axşamı xüsusi toplantı çağırıb.