Accessibility links

Namizədlər seçicilərdə ümid yaratdılarmı?


Erkən seçkilər üçün təşviqat dövrü aprelin 9-da başa çatdı.

Əsas müxalifət partiyaları bu seçkini boykot etmişdi, bəs iştirak edən namizədlər təşviqat dövründə hansı məsələləri qaldırdılar? Seçicilərlə necə işlədilər?

Burda iqtisadi təkliflərin böyük əksəriyyəti populizmdən uzağa getmirdi. Real olmayan təkliflər idi.
Azər Rəşidoğlu

Debatları yaxından izləmiş siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, bu seçkidə təşviqat dövrü sönük və maraqsız keçdi. Onun sözlərinə görə, namizədlərin çıxışlarına hakimiyyət nəzarət edirdi:

"Burda iqtisadi təkliflərin böyük əksəriyyəti populizmdən uzağa getmirdi. Real olmayan təkliflər idi. O cümlədən Dağlıq Qarabağla əlaqədar. Bu təkliflər də gülünc və reallaşması mümkün olmayan təkliflər idi. Bu debatda əsas mesajlar Rusiya xəttinin qabardılması və Türkiyənin vurulması idi. Namizədlərdən yalnız biri qərbyönümlü idi, qalanları rusiyayönümlü çıxışlar edirdilər".

Azər Rəşidoğlu deyir ki, namizədlərin çıxışları bir-birinə bənzəyirdi və elə rəy yaranırdı ki, onlar razılaşdırılmış ssenari üzrə çıxış edirlər.

Onun sözlərinə görə, namizədlərin vətəndaşlarla görüşlərini də icra hakimiyyətləri təşkil edirdi və bu da onu deməyə əsas verir ki, namizədlər nəzarətdə idilər.

Mən indiyə qədər görməmişəm ki, hansısa namizəd hansısa mövzunu qaldırıb, hansısa məsələnin həllini tələb edib, hakimiyyətə təzyiq etsin.
Mehman Əliyev

Turan agenliyinin direktoru Mehman Əliyev deyir ki, o ümumimiyyətlə təşviqat prosesini izləməyib, debatlara isə baxmayıb, çünki o hesab edir ki, bu prosesdə iştirak edənlər real, alternativ namizədlər deyillər. Mehman Əliyevin sözlərinə görə, namizədlərin debatlarda səsləndirdikləri fikirlər də real ola bilməz, çünki onlar indiyə qədər hansısa problem ilə bağlı fəallıq göstərməyiblər:

“Mən indiyə qədər görməmişəm ki, hansısa namizəd hansısa mövzunu qaldırıb, hansısa məsələnin həllini tələb edib, hakimiyyətə təzyiq etsin. Bunlar baş verməyib axı. Kim onların əlini-qolunu bağlayıb ki siz bu addımları atın, hansısa problemin həllinə real nail olun”.

Hakimiyyət rəsmiləri, seçkilərin azad və ədalətli mühitdə keçirilməməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Prezidentin köməkçisi Zeynal Nağdəliyev isə fevralın 15-də mətbuata deyib ki, seçkiləri yüksək səviyyədə keçirməyə çalışırlar.

O bildirib ki, əsas vəzifə ondan ibarətdir ki, qanunvericilik pozulmasın, heç bir qanun pozuntusuna, saxtakarlığa yol verilmədən proses şəffaf keçirilsin.

Hal-hazırda elə bir zərurət yaranıb ki, insanlar ümumiyyətlə seçkinin zəruriliyini şübhə altına alırlar, bu nəyə lazımdır deyə sual verirlər.
Rəşad Şirin

Başqa bir siyasi şərhçi Rəşad Şirin deyir ki, inkişaf etmiş demokratik ölkələrdə təşviqat dövrü daha fərqli olur. Siyasi partiyalar daha aktiv olur, stadionlarda əhali ilə görüşlər keçirilir. Fəal və zəngin kampaniya aparılır. Onun sözlərinə görə, Azərbaycanda seçkiyə maraq getdikcə azalır.

“Hal-hazırda elə bir zərurət yaranıb ki, insanlar ümumiyyətlə seçkinin zəruriliyini şübhə altına alırlar, bu nəyə lazımdır deyə sual verirlər. Amma hakimiyyətlərin öz səbəbləri var bu seçkini keçirməyə. Əsas səbəb odur ki, hakim elitalar öz legitimliklərini yenidən təsdiqləyirlər. Həm dünyaya, həm də öz əhalisinə müasir ölkə olduqlarını göstərirlər”.

Xatırlatma

Fevralın 5-də verilmiş sərəncamla oktyabrda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri aprelin 11-ə təyin olunub.

2016-cı ildə dəyişdirilmiş Konstitusiyaya görə, bu dəfə seçilən prezident həmişə olduğu kimi beş il deyil, yeddi il prezidentlik kürsüsündə qalacaq.

Azadlıq Radiosu

XS
SM
MD
LG