Accessibility links

“Siyasi məsuliyyət Azərbaycanın prezidenti və Azərbaycan hakimiyyətinin üzərindədir”


“Siyasi məsuliyyət Azərbaycanın prezidenti və Azərbaycan hakimiyyətinin üzərindədir”
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Keçən həftə ictimai fəal Bəxtiyar Hacıyev sosial mediada küçədən oğurlanması və işgəncələrə məruz qalması haqda məlumat paylaşdı. Bu məlumatın verilməsindən sonra fəallar, vətəndaş cəmiyyəti və siyasi partiya nümayəndələri Hacıyevə dəstəklərini ifadə etdilər və bu hadisənin təcili şəkildə araşdırılmasını tələb etdilər.

Baş verən hadisəyə ictimaiyyətin reaksiyası və Respublikaçı Alternativ Partiyasının (ReAL) mövqeyi haqda partiyanın icraçı katibi Natiq Cəfərli öz fikirlərini Amerikanın Səsi ilə paylaşıb.

- Natiq bəy, Bəxtiyar Hacıyevin başına gələnlərlə bağlı ReAl partiyasının mövqeyi nədən ibarədir?

- Əlbəttə ki, bu tip hadisələrin istənilən ölkə vətəndaşının başına gəlməsi siyasi partiyaların mövqeyi birmənalıdır ki, hüquq pozuntusudur, hətta cinayətdir. Bəxtiyar bəyin başına gələnlər ciddi araşdırılmalıdır və günahkarlar mütləq cəzasını çəkməlidir. Söhbət tək Bəxtiyar bəyin şəxsiyyətindən getmir, söhbət həm də Azərbaycan vətəndaşlarına Azərbaycan dövlətinin münasibətindən gedir. İstənilən şəxs, Azərbaycan vətəndaşı bu tipli münasibətə, bu tipli hadisələrə tuş gəlməməlidir. Bu birbaşa qanun pozuntusudur, insan haqq və azadlıqlarının məhdudlaşdırılmasıdır, hətta insan oğurluğudur və bu, cinayətdir. Hakimiyyətin boynunun borcudur ki, bunu araşdırsın. Çünki ən azından siyasi məsuliyyət Azərbaycanın prezidenti və Azərbaycan hakimiyyətinin üzərindədir. Çünki bu məsələnin araşdırılması məhz onların bu məsələyə necə olmasından xəbər verəcək.

- Ümumiyyətlə, siyasi partiyalar, vətəndaş cəmiyyəti bu məsələdə hansı mövqeyi sərgiləməlidir və nələr etməlidir?

- Əslində kifayət qədər ciddi şəkildə ölkədə fəaliyyət göstərən bir çox siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri də bu məsələ ilə bağlı öz fikirlərini bildirdilər. Amma Azərbaycanda belə bir pis ənənə də var ki, bəzi hadisələr baş verir, insanlar heç bir altında özünün istifadə olunacaq alqoritm olmayan bəyanatlar səsləndirilir və sonradan hər şey unudulur. Mən düşünürəm ki, bu məsələni unutmaq olmaz və bu məsələnin üzərinə vətəndaş cəmiyyəti olaraq da, siyasi partiyalar olaraq da gedilməlidir ki, günahkarlar cəzalandırılsın. Bu məsələdə hakimiyyətin özünün də marağı olmalıdır. Çünki rəsmi şəkildə bu hadisənin kimlər tərəfindən törədilməsi üzə çıxmayacaqsa bu, Azərbaycan hakimiyyəti üçün də, vətəndaş cəmiyyəti üçün də ciddi təhdid olaraq qalacaq. Elə çıxır ki, heç kimin nəzarət etmədiyi, heç kimin söz deyə bilmədiyi, heç kimin araşdırıb ortaya çıxara bilmədiyi müəyyən qruplar var və o qruplar insanların, Azərbaycan vətəndaşlarının həyatına təhlükə törədir.

- ReAl Partiyasını bu məsələyə operativ mövqe sərgiləməməkdə ittiham edirlər, ittihamlar barədə nə deyə bilərsiniz?

- Bunun haradan qaynaqlandığını bilmirəm. Bu hadisə aprelin 21-də olmasına baxmayaraq Bəxtiyar bəyin özü də hadisədən 2 gün sonra açıqladı. Bu məsələ axşam saatlarında sosial şəbəkələrdə, mediada yayılmağa başladı. Həmin vaxt biz regionlara səfərdə idik və 24-ü Gəncə şəhərində olduğumuzu nəzərə alaraq Bəxtiyar bəy üçün Gəncə doğma şəhərdir, Bəxtiyar bəyin böyüyüb başa çatdığı şəhərlərdən biridir və vətəndaşlarla görüşdə biz bu məsələnin cinayət olduğunu və ciddi araşdırmaların arxasında duracağımızı söylədik. Həmin gün də sosial şəbəkələrdə və mediada öz fikrimizi bəyan elədik. Açığı belə məsələlərin haradan qaynaqlandığını bilmirəm və çox ciddi təəssüf doğurur ki, müəyyən saxta və yanlış məlumatlar da dolaşdı. Mənim və partiya sədri İlqar Məmmədovun fotosunu və onun və mənim demədiyim sözləri həmin fotoya yazaraq sosial şəbəkələrdə yaymağa başladılar. Əslində bunu yayan insanların bəzilərini şəxsən tanıyıram, mən sadəcə təəssüf edirəm. Çünki belə bir ciddi məsələdə, Azərbaycan vətəndaşının həyatına, gələcəyinə təhdid saçan məsələdə şəxsi ambissiyaların, hansısa bir şəxsi maraqların güdülməsi təəssüf doğurur. Bizimlə bağlı bu qədər yalan məlumatların yayılması ilk də deyil. Əgər bizim hansısa mövqeyimizi dəqiqləşdirmək istəyirlərsə, Azərbaycanda sosial şəbəkələr vasitəsilə, media vasitəsilə bunu dəqiqləşdirmək mümkündür. Amma beldən aşağı metodlardan istifadə edərək, sadəcə şəkli qoymaqla və demədiyimiz sözlərlə, ifadələrlə yaymaq ReAl Partiyasına olan növbəti hücum dalğalarından biridir. Bunun arxasında kimlər durur, yəqin ki, gec və ya tez bilinəcək.

- Bəxtiyar Hacıyev bu məsələnin arxasında Daxili İşlər Nazirliyinin olduğunu iddia edir, bəs siz necə hesab edirsiniz?

- Uzun illərdir Azərbaycanda ictimai və siyasi fəallar üzərindən qurumlar bir-birinə mesaj ötürür və bunlar dayandırılmalıdır, ayıbdır, sözləri varsa, çıxsınlar bir-birilərinin üzlərinə desinlər. Bəxtiyar bəy özü, mətbuat konfransında onu oğurlayan şəxslərin dəfələrlə, israrla daxili işlər nazirinə qarşı yazıların arxasında kimin durduğunu ondan soruşublar və onlar bilirdilər ki, Bəxtiyar bəy dürüst insan olaraq bu vəziyyətdən çıxandan sonra bunu ictimaiyyətə açıqlayacaq və elə də oldu, açıqladı. Faktiki olaraq, Bəxtiyar bəyin dili ilə, Bəxtiyar bəyə bu təzyiqlər vasitəsilə kimlərəsə mesaj ötürməyə çalışdılar. Mənim də dediyim budur ki, uzun illərdir Azərbaycanda, ən azından 30 ilə yaxındır bu taktika var, müəyyən qruplar bir-birilərinə vətəndaş cəmiyyətinin həbsləri üzərindən, onlara təzyiqlər üzərindən hansısa bir formada mesaj ötürməyə çalışırlar. Bu dövlətin zəif olmasından qaynaqlanır. Əgər müvafiq qurumların bir-birilərinə sözləri, iradları varsa bir-birilərinin üzünə desinlər. Vətəndaş cəmiyyəti, siyasi fəallar üzərindən hansısa bir mesajların ötürülməsinə çalışmasınlar. Yazdığım bu cümlənin arxasında duran əsas tezis Bəxtiyar bəyin mətbuat konfransında açıqladığı fikirlər oldu.

- Əgər konkretləşdirsək, bu qurumun hansı qurum olduğunu ehtimal edirsiniz?

- Azərbaycanda hüquq mühafizə orqanları dedikdə bir neçə qurum ağla gəlir. Bu Daxili İşlər Nazirliyidir, Ədliyyə Nazirliyidir, xüsusi xidmət orqanlarıdır, prokurorluq orqanlarıdır. Yəni bir neçə belə qurumlar var ki, onların əlində güc alətləri var, güc instrumentləri var, onlardan istifadə edə bilirlər. Hökumətin boynunun borcudur ki, bu hadisənin kimlər tərəfindən törədildiyini üzə çıxarsın və nəticə etibarilə Azərbaycanda bu tipli hadisələrin baş verməsinin qarşısı alınsın. Əslində insanların özləri də bilmədən böyük, hansısa qurulmuş oyunların iştirakçısına çevrilə bilərlər. Yəni bu, bəlkə də özümüz bilmədən baş verə bilər. Əgər hakimiyyət daxilində hansısa qurumların bir-birilərinə qarşı hansısa iradları, hansısa bir sözləri varsa, bir-birilərinə qarşı açıq desinlər. Bunu bizim üzərimizdən, yəni siyasi partiyalar, siyasi aktivistlər, vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər üzərindən deməyə ehtiyac yoxdur. Ona görə də mən düşünürəm ki, bu məsələnin arxasında dura biləcək orqanlar bəllidir. Yəni hüquq mühafizə orqanlarıdır, bu orqanlara da sadaladığım qurumlar aiddir. Bunu hansı bu işi görüb, niyə bu işi görüb əslində bunun arxasında nə durub bu da çox vacib məsələdir ki, açıqlanmalıdır. Siyasi aktiv insanların da, siyasi partiyaların da özlərinin bir məsuliyyəti olmalıdır, elə ifadələrlə, elə mətnlərlə, elə video və audio çıxışlarla öz fikirlərini bildirmək lazımdır ki, sonradan bu, bəhanəyə çevrilməsin. Elə sözlər, elə bəyanatlar, elə çıxışlar etmək lazımdır ki, sonradan bunu sənə sildirməsinlər, sildirməyə nail olmasınlar. Burada da siyasi partiyaların, vətəndaş cəmiyyəti aktivistlərin, jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin özlərinin də bir məsuliyyəti olmalıdır. Azərbaycanda siyasi dil və üslub siyasi mədəni formaya keçməlidir və müəyyən bəhanələr verilməməlidir ki, hüquq mühafizə orqanları bundan istifadə etsinlər və bir-birlərinə olan münasibəti vətəndaş cəmiyyəti və siyasi partiyalar üzərindən hansısa bir formada ifadə etsinlər. Bu da Azərbaycanda siyasi dilin və üslubun getdikcə daha sivil formaya gəlməsinə imkan yaradacaq. Ümumiyyətlə, Azərbaycanda iqtidar-müxalifət, iqtidar-vətəndaş cəmiyyətinin münasibətlərinin temperaturu aşağı salınmalıdır, illərdir davam edən bu qarşıdurma, illərdir davam edən ritorik atışmalar heç kimə xeyir gətirmir. Biz də ReAl Partiyası olaraq bunun üçün əlimizdən gələni edirik. Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı üç qanun layihəsi təklifi vermişik, parlamentdə qeydiyyatdan keçib və ümid edirik ki, yaxın günlərdə komissiyalarda müzakirələrdən sonra may ayında parlamentdə plenar iclasa çıxarılacaq. Bu qanunlara olan dəyişikliklər ölkədə sivil toplum, vətəndaş cəmiyyəti, biz hamımız vətəndaş cəmiyyəti üzvləri sayılırıq, siyasi partiyalar da vətəndaş cəmiyyətinin bir elementidir. Siyasi partiyalar vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında temperaturun, münasibətlərin aşağı salıb, sivil qaydalara, sivil relslərə oturuldulması üçün bu qanun layihələrinə ediləcək dəyişikliklər çox vacibdir və ümumilikdə ölkədəki siyasi ab-hava düşmənçilikdən rəqabətə keçməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG