Accessibility links

Finlandiya və İsveç NATO-ya üzvlüyü hədəfləyir


Finlandiya və İsveç NATO-ya üzvlüyü hədəfləyir
please wait

No media source currently available

0:00 0:04:09 0:00

Finlandiya və İsveç NATO-ya üzvlüyü hədəfləyir

Finlandiya və İsveçin bu ayın sonunda NATO-ya üzv olmaq üçün rəsmi müraciət edəcəyi gözlənilir. Hər iki ölkə Rusiyanın Ukraynaya əsassız müdaxiləsinin Avropada təhlükəsizlik dinamikasını dəyişdiyini və Kremlin nüvə təhdidlərinin alyansın təmin edə biləcəyi kollektiv özünümüdafiə tələb etdiyini bildirir.

Finlandiya onilliklər ərzində və hətta Soyuq Müharibənin ən qızğın çağında belə NATO və Rusiya Avropada üstünlük uğrunda mübarizə getdiyi zaman ehtiyatlı şəkildə neytrallıq kursu nümayiş etdirirdi.

Lakin bir neçə ay ərzində vəziyyət dəyişib və Finlandiya hazırda NATO-ya üzv olmaq ərəfəsindədir.

“Aydındır ki, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra hər şey dəyişib və biz indi öz milli maraqlarımıza uyğun olaraq öz qərarlarımızı verməliyik. Finlər və Finlandiyanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu nədir? Biz Qərbin bir hissəsiyik. İndi siz görürsünüz ki, NATO-ya üzvlük bizim Qərbə inteqrasiyamızın bir növ yekunlaşmasıdır”, Finlandiyanın Avropa məsələləri üzrə naziri Tutti Tuppurainen bildirib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ictimai rəy dəyişib. Keçən ilin sonunda Finlandiya əhalisinin dörddə biri NATO-ya üzvlüyü dəstəkləyirdi. Son sorğu göstərir ki, hazırda 76 faiz alyansa qoşulmağın tərəfdarıdır.

“Biz əvvəlki kimi belə gözlənilməz qonşu ilə yaşaya bilmərik. Beləliklə, NATO təhlükəsizlik baxımından həll olaraq etdiyimiz yeganə seçimdir”, Helsinki sakini Pekka Luhta deyib.

“Coğrafi faktlara nəzər salsanız, biz Rusiya ilə qonşu olan hələlik müdaxiləyə məruz qalmamış NATO-ya üzv olmayan yeganə (Avropa) ölkəsiyik. Ona görə də məncə, bu, bizim qoşulmalı olduğumuzun səbəbini izah edir. Mən Rusiyaya o qədər də inanmıram”, Helsinki sakini Sanna Allt deyib.

Finlandiya indiyədək bloklara qoşulmamaq statusunu qoruyub saxlayan İsveçlə NATO-ya üzvlük üçün birgə müraciəti nəzərdən keçirir. Alyans Finlandiya və İsveçin ola bilsin, yaxın bir neçə ay ərzində üzv kimi hərarətlə qarşılanacağını açıq şəkildə bildirib.

Onların hər ikisi Avropa İttifaqının üzvüdür. Bu ölkələrin qüvvələri mütəmadi olaraq NATO hərbi təlimlərində iştirak edir və Arktikada döyüşmək qabiliyyətinə malikdir. Onlar Rusiyanın böyük hərbi mövcudluğunu saxladığı Baltikyanı və Şimali Avropada alyansın qabiliyyətlərini xeyli artıracaq.

“Bu, gələcəkdə alyans daxilində Skandinaviya dövlətlərinin əhəmiyyətli bir qrupu olardı. Bu, məntiqlidir. İkincisi, hərbi imkanlar və nou-hau. Ona görə də düşünürəm ki, bizim illər boyu qurduğumuz müasir, müdafiə qabliyyətinə malik [qüvvəmiz] var”, Finlandiyanın Müdafiə Naziri General Sami Nurmi bildirib.

Rusiya Finlandiya və İsveçin NATO-ya qoşulacağı təqdirdə, Rusiyanın Kalininqrad anklavında nüvə silahı yerləşdirilməsi də daxil olmaqla, “hərbi texniki cavab” adlandırdığı reaksiya ilə hədələyib. Lakin bu cür nüvə hədələri əks nəticə verə bilər.

“Bu təhlükədən Soyuq Müharibə zamanı belə görmədiyimiz bir şəkildə danışılır ki, bu da müəyyən narahatlıq doğurur və Finlandiya siyasi elitasının Finlandiyanın müdafiəsinin güclü ola bildiyini, lakin etibarlı nüvə müdafiə qabiliyyətini yarada bilməməsini söyləməsinin səbəblərindən biridir. Bunun yeganə yolu NATO-ya üzv olmaqdır”, Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun təhlilçisi Çarli Salonius-Pasternak bildirib.

Rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi müdaxilədən əvvəl NATO-dan Şərqi Avropada qüvvələrini geri çəkməyi tələb edib. Bunun əvəzinə, alyans belə görünür, yeni üzvləri qəbul etməyə hazırlaşır.

“Bir neçə ay ərzində bu iki ölkənin təhlükəsizlik və müdafiə siyasətində köklü dəyişiklik olması şübhəsiz ki, Putinin növbəti strateji səhvi kimi qiymətləndirilməlidir”, Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun təhlilçisi Çarli Salonius-Pasternak bildirib.

Finlandiya və İsveç üçün NATO-ya üzvlük bu ölkələrin strateji mövqelərində əsaslı dəyişiklik demək olardı.

1917-ci ildə Rusiyadan müstəqilliyini elan edəndən bəri Finlandiya neytral, bloklara qoşulmayan bir ölkə olub. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi şərq qonşusundan gələn təhlükə qarşısında ölkəni təhlükəsizlik sahəsində ehtiyacları üzərində yenidən düşünməyə vadar edib.

XS
SM
MD
LG