Accessibility links

Navalnının müalicə olunduğu Omsk xəstəxanasının reanimasiya həkimi həyatını itirib


Rusiyada Aleksey Navalnının müalicə olunduğu Omsk xəstəxanasının reanimasiya həkimi həyatını itirib. Bu haqda xəstəxana və regionun Səhiyyə Nazirliyi məlumat yayıb. Navalnı ötən yayda zəhərlənmədən sonra Omsk xəstəxanasına aparılmış, daha sonra Berlinə göndərilmişdi.

1 saylı Omsk xəstəxanasında anesteziologiya və reanimasiya şöbəsinin baş həkim müavini Sergey Maksimişinin ürək tutmasından öldüyü bildirilir. Onun 55 yaşı vardı.

Navalnı avqust ayında zəhərlənmədən sonra həmin reanimasiya şöbəsində müalicə olunub.

CNN xəstəxanının açıqlamasını yayımlayıb. Açıqlamada bildirilir ki, Maksimişinin “qəflətən vəfat edib”. Lakin ölümün səbəbi açıqlanmayıb.

44 yaşlı Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib. Sonradan onu Omsk xəstəxanasına yerləşdirilib.

Dərhal süni koma vəziyyətinə salınan Navalnı daha sonra Almaniyaya təxliyə edilmişdi. Və beş ay orada müalicə olunub. Avropada aparılan testlər onun Sovet dövründən qalan Noviçok qrupundan olan maddə ilə zəhərləndiyini müəyyənləşdirib.

Maksimişin Navalnı xəstəxanada olanda mətbuat üçün hər hansı brifinq keçirməyib. Həkimlər əvvəlcə onun zəhərləndiyini bildirsələr də, sonradan bunu təkzib ediblər.

Navalnı xəstəxanaya yerləşdirilən zaman Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovski olub. O, jurnalistlərə Navalnının vəziyyətinin pisləşməsinə “metabolik pozuntular”-ın səbəb olduğunu deyib.

Noyabrda Omsk regionunun Səhiyyə Nazirliyinin başçısı təyin olunmuş Muraxovski deyib ki, Maksimişin xəstəxanada 28 il işləyib və minlərlə həyatı xilas edib.

“O, adamları tam reallığa qaytarırdı. Doktor Maksimişin üçün çox darıxacağıq. O, çox tez getdi, bu itkinin ağrısı xüsusilə acıdır”, Muraxovski deyib.

Navalnı yanvarın 17-də Rusiyaya qayıdanda saxlandı və bu həftə məhkəmə onu daha öncəki şərti cəzanın şərtlərini pozduğuna görə 3 ilədək həbsə məhkum etdi.

Müxalifətçinin həbsi Avropa İttifaqıi və Birləşmiş Ştatlar da daxil olmaqla, beynəlxalq qınağa səbəb olub.

XS
SM
MD
LG