Accessibility links

Ned Prays: "Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq"


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

"Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq."

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays aprelin 14-də keçirilən brifinqdə jurnalistin Azərbaycanın üzərindən “Azadlığa Dəstək Aktın"nın nə vaxt götürüləcəyi ilə bağlı sualının cavabında bildirib.

Prays deyib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayıb.

"Dövlət katibinin bir gün əvvəl, aprelin 5-də iki liderlə telefon danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarının təşviqinə davam edirik. Dövlət katibi bir daha təsdiqləyib ki, ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ikitərəfli qaydada və həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi əməkdaşlıq etməyə hazırdır,” Ned Prays qeyd edib.

Dövlət Departamentinin sözçüsü Moskvanın Ukraynadakı əməllərinin Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhməramlı səylərdə iştirakını diskvalifikasiya edib-etmədiyinə dair sualara cavab olaraq "Rusiyanın bu işdə oynaya biləcəyi roldan danışa bilmərəm. Mən deyə bilərəm ki, biz Ermənistan və Azərbaycanı yenidən ikitərəfli və ya həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT mexanizmi vasitəsilə danışıqlara cəlb etməyə hazırıq" deyib.

Aprelin 6-da Brüsseldə Azərbaycan, Ermənistan və Aİ liderləri arasında üçtərəfli görüş keçirilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra bəyanat yayıb.

"Prezident Mişel həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırıldı.

Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması razılaşdırılıb," sənəddə qeyd edilir.

Birgə Sərhəd Komissiyasının mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

"Prezident Mişel həmçinin vurğuladı ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha təsdiqlədi.

Liderlər Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Mişel dəmiryol xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazırdır.

Liderlər görüşlərinin nəticələrini izləmək və əlaqələri davam etdirmək barədə razılığa gəliblər," bəyanatda deyilir.

XS
SM
MD
LG