Nyu-York şəhəri rəsmilərinin bildirdiyinə görə, keçən həftə qaz sızması səbəbindən partlayan binanın dağıntıları altında iki cəsəd aşkar edilib.
Həmin cəsədlərin keçən həftənin cümə axşamı, partlayış baş verən gündən bəri itkin düşən iki nəfərə aid olduğuna ehtimal edilir. Həmin şəxslərin partlayış zamanı binada yerləşən restoranda olduğu guman edilir.
Nyu-York şəhərinin meri Bill de Blasio bildirib ki, partlayışa səbəb kiminsə qaz borusuna müdaxiləsi ola bilər.
Binada baş verən partlayış zamanı 22 nəfərin yaralandığı, onlarla sakinin evsiz qaldığı deyilir.