Accessibility links

New York Times qəzetinin naşiri Trampa mətbuata hücumlarla bağlı xəbərdarlıq edib


ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, o, New York Times qəzetinin naşirinə aparıcı kütləvi informasiya vasitələrini “xalqın düşməni” kimi təsvir etməsinin səbəblərini izah edib. Lakin qəzetin naşiri deyib ki, o da öz növbəsində Trampın ritorikasının “təhrikedici” olduğunu və bütün dünyada jurnalistlər üçün “təhlükəni artırdığını” deyib.

Tramp Twitter səhifəsində yazdığı mesajında iyulun 20-də Ağ Evdə Artur Qreqq Sultzbergerlə görüşünün “olduqca maraqlı keçdiyini” yazıb. Lakin ABŞ lideri mediada böyük həcmdə “saxta xəbərlər” və bunun nəticəsində “xalqın düşməni” ifadəsinin yarandığı haqda danışdığını deyib.

ABŞ-ın ən nüfuzlu naşirlərindən biri hesab edilən Sultzberger qəzetin naşirlərinin əvvəlki prezidentlərlə görüşlərdə olduğu kimi uzun zamandır mövcud ənənəyə sadiq qalaraq, Trampın müşavirlərinin xahişi ilə görüşdəki açıqlamaların “qeydə alınmadığını” deyib. Bu isə onun sözlərinə görə, o deməkdir ki, bu açıqlamalar ictimaiyyət üçün nəzərdə tutulmayıb.

Bu görüşə razılaşmağımın əsas səbəbi prezidentin dərin narahatlıq yaradan mətbuat əleyhinə ritorikası olub.

Lakin naşir bildirib ki, Tramp Twitter səhifəsində yazdığı mesajla görüşdə deyilənləri ictimaiyyətin diqqətinə çatdırdığı üçün o da özünün və görüşdə iştirak edən qəzetin redaktoru Ceyms Bennetin dedikləri ilə ictimaiyyəti tanış etmək qərarına gəlib.

New York Times qəzetinin naşiri Artur Sultzberger
New York Times qəzetinin naşiri Artur Sultzberger

“Bu görüşə razılaşmağımın əsas səbəbi prezidentin dərin narahatlıq yaradan mətbuat əleyhinə ritorikası olub. Mən prezidentə açıq dedim ki, onun dili təkcə bölücü deyil, həm də getdikcə daha təhlükəlidir”, deyə Sultzberger bildirib.

Mən xəbərdarlıq etdim ki, bu, bizim ölkəmizin demokratik ideallarını dağıdır və ölkəmizin xaricə verdiyi ən böyük töhfə olan söz və media azadlığına sadiqlik prinsipini zəiflədir

Naşir daha sonra bildirib: “Mən ona dedim ki, `saxta xəbərlər` ifadəsi həqiqətə uyğun deyil və zərərlidir. Məni daha çox narahat edən onun jurnalistlərə `xalq düşməni` damğası vurmasıdır. Mən xəbərdarlıq etdim ki, belə təhrikedici ritorika jurnaslistlərə qarşı təhlükələrin artmasına və zorakılığa gətirib çıxara bilər”.

“Mən dəfələrlə qeyd etmişəm ki, bu, xüsusilə də bəzi rejimlərin prezidentin ritorikasından jurnalistlərə qarşı geniş repressiyalara bəraət qazandırmaq üçün istifadə etdiyi xarici ölkələr üçün daha zərərlidir. Mən xəbərdarlıq etdim ki, bu, həyatları risk qarşısında qoyur, bizim ölkəmizin demokratik ideallarını dağıdır və bizim ölkəmizin xaricə verdiyi ən böyük töhfə olan söz və media azadlığına sadiqlik prinsipini zəiflədir” , deyə Sultzberger əlavə edib.

Mən dəfələrlə qeyd etmişəm ki, bu, xüsusilə də bəzi rejimlərin prezidentin ritorikasından jurnalistlərə qarşı geniş repressiyalara bəraət qazandırmaq üçün istifadə etdiyi xarici ölkələr üçün daha zərərlidir.

“Mən söhbətimiz boyu vurğulamışam ki, əgər prezident Tramp əvvəlki prezidentlər kimi administrasiyasının işinin işıqlandırılmasından razı deyilsə, onun bu haqda dünyaya bildirmək hüququ var. Mən bir neçə dəfə və tamamilə aydın şəkildə bildirmişəm ki, onun New York Times qəzetinə qarşı hücumlarını yumşaltmasını istəmirəm. Bunun yerinə, mən onu jurnalistrikaya qarşı hücumlarını yenidən nəzərdən keçirməsini istəmişəm, çünki mən hesab edirəm ki, bu, bizim ölkəmiz üçün təhlükəli və zərərlidir”, deyə Sultzberger bildirib.

ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

Tramp tez-tez xoşlamadığı xəbər materiallarını “saxta xəbərlər” adlandırır, Sultzbergerin naşiri olduğu New York Times qəzetinin isə “iflasa uğradığını” deyir.

Keçən həftə veteranlarla danışan Tramp müxbirlərə işarə edərək, kütləyə deyib: “Bizə sadiq olun. Bu adamlardan gələn cəfəngiyyata inanmayın, saxta xəbərlərdir”.

Sultzberger Trampın Ağ Evdə görüş zamanı onun sözlərinə hansı reaksiya verdiyi haqda bir söz deməyib.

XS
SM
MD
LG