Accessibility links

NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Ülvi Həsənli müayinə üçün getdiyi xəstəxanadan hərbi polisə oradan da hərbi xidmətə aparılıb. Bu barədə NİDA Vətəndaş Hərəkatı məlumat yayıb.

Məlumatda deyilir ki, Ülvi Həsənli Hərbi komissarlıqda tibbi müayinədən ötən ilin sentyabrında və bu ilin əvvəlində keçib, ona revmatizm və böyrək problemlərinə görə 2019-cu ilədək möhlət verilib.

“Oktyabrın əvvəlində evlərinə yenidən bildiriş gəldiyi üçün Hərbi Komissarlığa gedib, orada yenidən müayinədən keçib, ultrasəs müayinəsində böyrəyində daş və iltihab olduğu təsdiqlənib. Ülvi Həsənliyə əlavə müayinələr təyin ediblər. Oktyabrın 25-də yenidən ultrasəs müayinəsindən keçəndə deyiblər böyrəyi sağlamdır. Bu gün oktyabrın 26-da Hərbi Komissarlığın göndərişi ilə müayinə üçün getdiyi Kardiologiya xəstəxanasına hərbi polis gəlib, onu hərbi komissarlığa aparıb. Komissarlıqda izahat yazdırdıqdan sonra hərbi polisə, ordan da cəbhə bölgəsinə hərbi hissəyə aparıblar”.

NİDA bildirir ki, hərbi çağırış müddəti bitməyib, ona hərbi xidmətə aparılması barədə xəbərdarlıq edilməyib, evdəkilərlə vidalaşmaq və işlərini yoluna qoymaq imkanı verilməyib.

“Faktiki sağlamlığı hərbi xidmətə imkan verməyən adamı oğurlayıb, əsgər aparıblar. Ulvi Həsənli, başıma bir iş gələrsə, cavabdeh hökumətdir, deyir. O, hərbi xidmətini sağlamlığı imkan verəcəyi təqdirdə, qanuni şəkildə həyata keçirmək istəyir”, NİDA qeyd edir.

Öz növbəsində vəkil Elçin Sadıqov bildirib ki, Həsənlinin iradəsinin əleyhinə olaraq zorla hərbi xidmətə aparılması qanunsuzdur.

“Heç kim fizik zor tətdiq etməklə iradəsinin əleyhinə olaraq hərbi xidmətə cəlb edilə bilməz. Hərbi xidmətdən yayınma yalnız cinayət məsuliyyətinə səbəb ola bilər. Ülvi Həsənlinin hərbi xidmətə aparılması təsadüfi deyildir. Onun hərbi xidmətə aparılması son zamanlar NİDA Hərəkatında aktiv olması və Bayram Məmmədov, Qiyas İbrahimova qarşı təzyiqlərin əleyhinə aparılan kampaniya ilə bağlıdır. Bu bütün hallarda Ülvi Həsənlinin cəzalandırılmasına yönəlmiş bir hərəkətdir. Ülvi Həsənli və mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etmişik. Şikayətlərimiz qeydə alınmasına baxmayaraq Daxili İşlər Nazirliyi tədbir görmür, insan oğurluğuna göz yumur. Hazırda Həsənli Bərdəyə aparılır. Bunun qarşısı alınmasa biz digər hüquqi prosedurları həyata keçirəcəyik. Şikayətimiz təmin olunmadığı təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Bu açıq-aşkar Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (İşgəncələrin qadağan edilməsi) pozuntusudur”, o, Facebook səhifəsindəki video müraciətində qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG