Accessibility links

Niderlandda 3-cü gündür ki, polis və COVID-19 məhdudiyyətlərinə etiraz edənlər arasında toqquşmalar baş verir


Niderlandda polis və etirazçılar arasında hökumətin COVID-19-un yayılmasının qarısının alınması məqsədilə komendant saatı tətbiq etməsindən sonra bazar ertəsi bir-birinin ardınca üçüncü gecə toqquşma olub.

Bazar ertəsi ölkə daxilində ən azı 150 nəfər etiraz aksiyaları zamanı həbs olunub. Bəzi bölgələrdə nümayişçilər yanğınlar törədib, daşlar atıb və dükanları talan ediblər.

Rotterdam şəhərində polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Amsterdamda isə iğtişaşçılara su şırnağı tətbiq edilib. Haarlem, Geleen və Den Boş da daxil olmaqla kiçik bələdiyyələrdə də iğtişaşların olduğu bildirilib. Rəsmilər Rotterdamda 10 polisin yaralandığını açıqlayıb.

Etirazlar hökumətin İkinci Dünya Müharibəsindən bəri ilk dəfə komendant saatı tətbiq etməsindən sonra şənbə günü başlayıb. Rəsmilər Milli Sağlamlıq İnstitutu (RIVM) tərəfindən Britaniyada koronavirusun daha asanlıql ötürülə bilən variantının aşkar edilməsi səbəbindən mümkün yeni yoluxma dalğası ilə bağlı xəbərdarlığından sonra bu addımı atıb.

Ancaq çoxları son bir neçə həftə ərzində ölkədə yeni infeksiyalarda davamlı azalma müşahidə edildiyi üçün bu addımların atılmasına ehtiyacın olmadığını iddia edib.

Baş nazir Mark Rutte bazar ertəsi zorakılıqları qınayıb. "Gördüklərimizin azadlıq uğrunda mübarizə ilə heç bir əlaqəsi yoxdur. Biz bütün bu tədbirləri əyləncə üçün görməmişik, biz bunları virusa qarşı mübarizə apardığımız üçün tətbiq etmişik və əslində azadlığımızı oğurlayan elə virusdur" - deyə, o bildirib.

Niderlandda iki ay əvvəl bar və restoranların bağlanmasından sonra dekabrın ortalarından bəri məktəblər və qeyri-əhəmiyyətli mağazalar da bağlıdır.

Pandemiyanın başlamasından bəri Niderlandda COVID-19-a 966 000-dən çox təsdiqlənmiş yoluxma və xəstəlik nəticəsində 13,600-dən çox ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG