Rəsmilər şənbə günü gecə Manhattanda törədilən bomba hücumunda əli olan 28 yaşlı Əhməd Xan Rahaminin axtarıldığını bildirib.
Hücum haqda əlavə məlumat verilməsə də, Nyu-York şəhərinin meri Bill de Blasio CNN kanalına həmin şəxsin sorğu-sual edilmək üçün tez bir zamanda ələ keçirilməli olduğunu deyib.
Birləşmiş Ştatların Federal Təhqiqat Bürosu və Nyu-York polisi şənbə günü gecə baş verən partlayışda əli olanlarla yaxınlıqda aşkar edilən partlayıcı qurğunu yerləşdirənlər arasında hər hansı əlaqənin olub-olmadığını araşdırır.
Federal Təhqiqat Bürosu bazar günü Bruklinin şosse yolunda şübhəli bir avtomobilin saxlandığını və içərisindəki 5 nəfərin sorğu-sual edildikdən sonra heç bir cinayətdə əli olmadıqlarının aşkar edildiyini bildirib.
Şənbə günü gecə Çelsi məhəlləsində baş verən partlayış zamanı yaralanan 29 nəfərin artıq xəstəxanadan buraxıldığı deyilir.