Nyu York qubernatoru Endrü Kuomo koronavirusdan ölənlərin sayının 10.000 həddini aşmasına baxmayaraq, ştatdakı mövcud durumun ən çətin dövrünün sona çatdığını bəyan edib.
"Biz yayılmaya nəzarət edə bilərik; bu yaxşıdır. Gələcəkdə də ağıllı davranarsaq, ən pisi geridə qaldı” - deyə, qubernator aprelin 13-ü ştatın paytaxtı olan Albanidə keçirdiyi brifinqində açıqlama verib.
Ancaq o dərhal məhdudiyyətlərdən, o cümlədən sosial məsafə tətbiqindən imtina etməyin vaxtı gəlmədiyini bildirib. Kuomo, həmçinin, "ehtiyatsız" davranışla bağlı da xəbərdarlıq edib.
"Əlimizdə klapan var. Əgər bu klapanı çox sürətli çevirsəniz, onda rəqəmlərin yenidən qayıdacağını görəcəksiz" - deyə, qubernator bildirib.
Ştatda xəstəxanaya yerləşdirilənlərin sayı və nəfəsalma ventilyatorlarında intubasiya tələb olunan xəstələrin sayı və COVID-19-a yeni yoluxma halları da azalır, lakin ştatda hələ də hər gün orta hesabla 11,000 yeni təsdiqlənmiş yoluxma halı qeydə alınır.
Nyu-York ştatı bu günə qədər 195.000 təsdiqlənmiş koronavirus halı olduğunu açıqlayıb. Bu rəqəmə görə, stat İspaniya və İtaliyadan öndədir. Həqiqi rəqəmlər, ehtimal var ki, daha yüksəkdir, çünki xəstəxanaya yerləşdirilməsini tələb etməyən yüngül və ya orta dərəcədə simptomlar yaşayan insanların evdə qalması tövsiyə olunur və bir çox hallarda onlar test edilmirlər.
Ştatda ölənlərin sayı 10 056-a çatıb. Bu, ölkə üzrə bütün koronavirus ölümlərinin yarısı deməkdir.
Bu qarışıq xəbərlərə baxmayaraq, Kuomo, digər bölgə qubernatorları ilə iqtisadiyyatı yenidən necə açacaqlarını, bəzi işçiləri işlərinə və şagirdləri yenidən məktəbə qaytarmağa başlamaları mövzusunda müzakirələr apardığını qeyd edib.
"Bu, incə balansdır. Bunlardan heç biri əvvəllər edilməyib" - deyə, o, səhiyyə böhranının görünməmiş miqyasına işarə edib.
Qubernatorun yenidən açılma planında, daha çox diaqnostik və antikor testləri ilə birlikdə bəzi işçilərin tədricən işlərinə qayıtması nəzərdə tutulur.
“Düyməni sıxırıq və hamı evindən çıxır, maşınlarına oturur, əl yelləyib qucaqlaşırlar və iqtisadiyyat yenidən başlayır - bu belə olmayacaq!“ - deyə, qubernator xəbərdarlıq edib.