Prezident Obama Birləşmiş Ştatlarda Əmək gününün qeyd edildiyi vaxt federal hökumətdə müqavilə əsasında çalışan 300 min işçinin xəstəliyə görə ödənişli məzuniyyət götürə bilməsini təmin edəcək göstərişə imza atıb.
Hakimiyyətdə qalacağı son 16 ay müddətdə demokrat prezident Barak Obamanın əmək qanunları ilə bağlı bir neçə təklifi Respublikaçıların nəzarət etdiyi Konqresdə müqavitmətlə qarşılaşır.
Lakin Bostonda həmkarlar ittifaqları işçilərinin mitinqində cənab Obama 2017-ci ildən başlayaraq, federal hökumətlə müqavilə əsasında işləyən şirkətlərdə çalışan işçilərin xəstəliyə görə ildə yeddi gün ödənişli məzuniyyət götürməsini təmin edəcək sərəncamı imzaladığını deyib.
Müqavilə əsasında çalışan işçilər özləri ilə yanaşı eyni zamanda, uşaqları, valideynləri və həyat yoldaşı kimi ailə üzvlərinə yardım göstərə biləcək.
Prezident Obama deyib ki, Birləşmiş Ştatlar inkişaf etmiş ölkələr arasında xəstəliyə görə və analıq məzuniyyətinin təmin edilmədiyi yeganə ölkədir.
Birləşmiş Ştatlarda işçilərin böyük hissəsi iş yerlərindən ödənişli məzuniyyətlə təmin olunur. Lakin özəl sektorda təxminən 44 milyon insan və ya ölkənin işçi qüvvəsinin 40 faizi xəstəliyə görə ödənişli məzuniyyətlə təmin edilmir.
ABŞ lideri Konqresi 15-dən artıq işçisi olan şirkətlərin işçilərə ildə yeddi gün xəstəliyə görə ödənişli məzuniyyət təmin etməsini nəzərdə tutan qanun layihəsini təsdiq etməyə çağırb. Lakin Konqresin oktyabrın 1-də başlayacaq yeni büdcə ilinə qədər İranla nüvə razılığı və hökumət büdcəsi ilə bağlı səsvermələrə hazırlaşdığı vaxt cənab Obamanın xəstəliyə görə ödənişli məzuniyyətə dair təklifinin nəzərdən keçiriləcəyi gözlənilmir.
ABŞ-da sentyabr ayının ilk bazar ertəsi Əmək günü kimi qeyd edilir. Amerikada fəhlə hərəkatının yaradılmasını tərənnüm etdirən və ABŞ əməkçilərinin alqışlandığı bu gün ölkədə 1894-cü ildən bəri qeyd ediir.