Accessibility links

Prezident Obama ABŞ kəşfiyyatının izləmə proqramlarını müdafiə edib


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar hökumətinin izləmə proqramlarını dəstəkləyərək, bunun dünya ölkələrində insanların həyatını qoruduğunu deyib.
Almianiya kansleri Angela Merkellə birgə mətbuat konfransında danışan prezident Obama PRİSM adlı internet izləmə proqramlarının effektiv olduğunu və məhkəmə tərəfindən sanksiyalaşdırılan prosesin şəxsi həyata müdaxiləni məhdudlaşdırdığını deyib.”Bu elə bir vəziyyət deyil ki, biz alman vətəndaşları, fransız vətəndaşları, ya da kiminsə adi elektron poşt mesajlarına baxırıq. Bu elə bir sistem deyil ki, internetə bağlanıb istədiyimiz hər şeyi axyata bilirik”-deyə cənab Obama bildirib.

ABŞ prezidenti deyib ki, ehtiyatlı şəkildə tətbiq edilmiş izləmə sistemi nəticəsində Birləşmiş Ştatlar və Almaniya da daxil olmaqla, başqa ölkələrdə 50-yə qədər terror hücumunun qarşısı alınıb.

Cənab Obama və kansler Merkel bu və digər məsələləri keçirdikləri görüş zamanı müzakirə ediblər. Xanım Merkerl deyib ki, müzakirələr nəticəsində bu proqramlar və onların təsirləri ilə bağlı anlaşma istiqamətində mühüm addımlar atılıb. Lakin o, proqramların balans və ölçüləri il bağlı müzakirələrin davam etdiriləcəyini deyib.
PRİSM proqramı ilə bağlı narahatlıqlarını ifadə edən bəzi almanlar bunu keçmiş kommunist Şərqi Almaniyada kəşfiyyat agentliyi Ştazi tərəfindən həyata keçirilən izlənmələri xatırlatdığını deyir.

Cənab Obama mətbuat konfransında Əfqanıstan prezidenti Həmid Karzayinin ABŞ silahlı qüvvələrinin gələn ildən sonra da ölkədə qoşunları saxlamasına dair danışıqları təxirə salması qərarı ilə bağlı da açıqlama verib. Prezident Obama deyib ki, o, Əfqanıstanda sülh prosesinin asan olacağını gözləmirdi.
Suriya ilə bağlı açıqlama verən cənab Obama Şimali İrlandiyada dünən başa çatan Böyük Səkkizlərin sammitində Qərb liderlərinin Suriya müxalifətinə dəstəyini bildirdiyini, eyni zamanda müxalif qüvvələrin ekstremist elementlərdən təmizlənməsi məsələsinin qaldırıldığını qeyd edib.

Xanım Merkel Almaniyanın Suriya müxalifətinə silah yardımı edə bilmədiyini və bunun qanunla qadağan olduğunu deyib. Lakin o, hökumətin yardım göstərmək üçün başqa vasitələri olduğunu əlavə edib.

Prezident Obama həmçinin Quantanamoda ABŞ-ın hərbi məhbəsinin bağlanması məsələsinə də toxunaraq bunun üçün Konqreslə əməkdaşlığa ehtiyac olduğunu deyib. ABŞ-ın Kubada Quantanamo hərbi həbsxanasının başlanması cənab Obamanın 2008-ci ildə prezident seçki kampaniyası zamanı verdiyi vədlərdən biri idi.
XS
SM
MD
LG