Accessibility links

OPEC üzvlərinin ulduzu nə vaxt barışacaq?


ABŞ-ın Azərbaycandakı səfirliyi Newsline səhifəsində neft bazarında mövcud durum və gələcəkdə baş verəcək dəyişikliklərlə bağlı məqalə dərc edib. Məqaləni təqdim edirik:

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) fövqəladə toplantısının keçiriləcəyi və dünyada neftin qiymətinin qalxmasına kömək edəcək istehsalın azaldılması haqqında razılaşmanın əldə olunacağı ilə bağlı hazırda qızğın müzakirələr gedir. Bazardakı vəziyyəti və OPEC-in fəaliyyətinə həsr olunmuş yazılardan sonra qiymətlərdə baş verən dəyişiklikləri nəzərə alsaq təşkilatın süqutu ilə bağlı səslənən fikirlərin şişirdildiyini demək olar. Bu yaxınlarda Venesuelanın neft naziri Eulogio Del Pinonun əsas neft istehsal edən ölkələrə etdiyi səfərlər və bunun ardınca qiymətlərdə baş verən sıçrayışlar OPEC-in sadəcə hərəkətdə olan bazarlar haqqında danışmasının belə bazarı hərəkətə gətirməyə yetərli olduğunu sübut edir.

Hazırda bazarda neftin həddindən çox olması OPEC-in axırına çıxmadı. Əksinə, hər hansı aktivlik nümayiş etdirmədən birlik üzvləri özlərini yenidən təsdiq edəcəkləri anı gözləyirlər və onlar birlikdə daha çox OPEC üzvünün bazarı uzun müddət ərzində tənzimləyəcəyinə arxayındırlar. Böyük əhəmiyyət kəsb edən dönüş nöqtəsi hələ ki, yetişməmişdir və bunun OPEC-in fövqəladə toplantısı formasında reallaşacağı real görünmür. Bununla belə növbəti bir neçə ay ərzində, iyun ayında keçirilməsi səbirsizliklə gözlənilən toplantıya zəmin yaradılacaqdır.

Heç şübhəsiz ki, OPEC-in hasilatı azaltmaq qərarının arxasında dayanan əsas amil qiymətdir. Neftin qiymətinin aşağı (və yaxud daha aşağı) düşməsi daha dörd ay davam etsə idi OPEC-in bu mənzərəni kənardan müşahidə etməsi ona baha başa gələ bilərdi. Bu ayın əvvəlində OPEC-in xam neft səbətinin bir bareli 28 dollara satılırdı. Bəzi neft markalarının qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb və nağd alış-veriş bazarlarındakı rəqabət də müəyyən istehsalçıların qiymətlərinin aşağı düşməsinə səbəb olur.

Fövqəladə toplantının keçirilməsinə mane olan əsas amil çərçivə razılaşmasının olmamasıdır. Ən azı əsas üzvlərdən biri olan İran əməkdaşlıq etməyə hazır deyil. Bu arada isə qeyri-OPEC üzvlərinin istehsalı aşağı düşməyə başlayır. Buna baxmayaraq Del Pinonun səyləri nə qədər həlledici və əhəmiyyətli olsa da, bu səylər, detalları fövqəladə toplantıda yekunlaşa biləcək fəaliyyət planının müəyyən olunmasına kömək etmədi. OPEC üzvləri çərçivə razılaşması barədə razılığa gəlməsə fövqəladə toplantının keçirilməsinin heç bir faydası olmayacaqdır. Bu halda isə toplantının uğursuzluğa uğramaq riski daha çox olacaqdır və bu, OPEC-in etibarlılığına böyük zərbə vura bilər. “OPEC Süqut Edir” adlı başlıqlar neft qiymətlərini ölüm xəttinə daha da yaxınlaşdırır. OPEC-in əsas üzvləri razılaşma üçün faktiki təminatın olmadığı halda toplantıda iştirak etməyəcəklərini aydın şəkildə bildirmişlər.

“Qlobal hasilatın” 5 faiz azalacağı barədə söhbətlər dolaşır və bu, OPEC üzvlərinin gündəlik istehsalı 1.5 milyon barel azaltması deməkdir. Bunun bazarda tarazlıq yaratmağa kifayət edib-etməyəcəyi isə hələ də sual olaraq qalır. OPEC-in aparıcı istehsalçılarının siyasi və əməli cəhətdən real addımlar atmasına ehtiyac olduğu isə heç kəsdə şübhə doğurmur. 2015-ci ilin dekabr ayına olan məlumata əsasən OPEC-in beş böyük istehsalçısı aşağıdakı ölkələr olmuşdur: Səudiyyə Ərəbistanı (gündəlik 10.144 milyon barel), İraq (gündəlik 4.13 milyon barel, bura kürdlərin müstəqil satdığı neft də daxil ola bilər), İran (gündəlik 3.35 milyon barel), BƏƏ (gündəlik 2.99 milyon barel) və Küveyt (gündəlik 2.93 milyon barel).

Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurasına (GCC) üzv olan istehsalçılar hasilatı azaltmağa hazırdırlar, lakin İraq və İran xüsusi vəziyyəti nəzərə alaraq buna qarşı çıxırlar. İraq İŞİD-lə müharibə aparır, İran isə üç il ərzində ona böyük zərər vurmuş sanksiyaların təsirini aradan qaldırmağa çalışır. OPEC istehsalının təxminən dörddə biri bu ölkələrin payına düşür. 2015-ci ilin dekabrına olan məlumatlara əsaslansaq istehsalın 5 faiz azaldılması İraqdakı hasilatın gündəlik 200 000 barel və İrandakı hasilatın isə gündəlik təxminən 170 000 barel aşağı düşməsinə gətirib çıxaracaqdır.

XS
SM
MD
LG