Accessibility links

Özbəkistanda Türkiyə istehsalı olan məşhur "Qara sevda" serialının yayımını dayandırıblar.

Müşahidəçilər bildirirlər ki, bu, yeni prezident Şavkat Mirziyayevin İslama fərqli yanaşmasının göstəricisidir.

Serialdan həm radikal islamçılar, həm də mötədil din xadimləri, daha dəqiqi Özbəkistan Müsəlmanları Ruhani İdarəsi gileylənirdi.

Buna oxşar qərarların verilməsini keçmiş prezident İslam Kərimovun dövründə heç kim ağlına gətirməzdi.

Kərimov dindarları ciddi nəzarət altında saxlardı və heç zaman onların sözüylə qərar verməzdi.

"Qara sevda"nın yayımı 2015-ci ildə Türkiyədə başlanıb və serial indi 70-dən çox ölkədə nümayiş olunur.

Britaniyanın Chatham House beynəlxalq əlaqələr institutunun "Rusiya-Avrasiya" proqramının elmi işçisi Annet Bor deyir ki, Mirziyayev mötədil İslamın cəmiyyətdəki rolunu gücləndirməyə çalışır.

Serialda gənc qız valideynlərinin onu varlı biznesmenə ərə vermək planlarına qarşı çıxır və sevdiyi oğlanla - kasıb bərbərin oğlu ilə eşq yaşayır.

Filmin mövzuları arasında məcburi evlilik nikahdankənar seks, arzuolunmaz hamiləlik və s. də yer alır.

Serial "Emmi" beynəlxalq mükafatına da layiq görülüb. Dünyanın 50-dən çox dilinə çevrilib.

Serialın İran, Əfqanıstan, Azərbaycan, Albaniya, Makedoniya, Latın Amerikası ölkələrində yüksək reytinqi var.

Özbəkistanda serial "Sevgi iztirabı" adlanır. Onu 2017-ci ilin avqustundan göstərməyə başlayıblar.

Fevral ayında serialın yayımını dayandırmaq çağırışları çoxalıb.

Azon.ru adlanan sayt seriala qarşı 5 məqalə çap edib, seriala baxanların günaha batdığını yazıb, filmi dublyaj edən artistlərin isə haram iş tutduqlarını bildirib.

Özbəkistan Müsəlmanları Ruhani İdarəsi də serialı tənqid edib, onun Qərb cəmiyyətinin pis vərdişlərini Özbəkistana gətirdiyini deyib.

Serialı nümayiş etdirən ZO'RTV bugünlərdə yayımı dayandırıb. Telekanalın adının çəkilməsini istəməyən əməkdaşı bunu "yuxarıdan gələn göstərişlə" əlaqələndirib.

XS
SM
MD
LG