Pakistanda xüsusi məhkəmə çərşənbə axşamı sabiq prezident və ordu başçısı Pərviz Müşərrəfi vətənə xənayətdə təqsirli bilərək, ölüm cəzasına məhkum edib.
Bu, Pakistanda ilk dəfədir ki, hərbi diktator məhkəməyə çıxarılır və ona qarşı hökm oxunur.
Hazırda Dubayda tibbi müalicə alan Müşərrəf 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. Onun ilkin addımları ilk olaraq məhkəmə, daha sonra isə parlament tərəfindən hüquqi baxımdan təsdiq olunub. Lakin onun 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etməsi nəticəsində ona qarşı ittihamlar irəli sürülüb.
Bu məhkəmə işi 2014-cü ildə Müşərrəfə qarşı rəsmi ittihamlar irəli sürüləndən bəri davam edir. Ona 2016-ci ilə müalicə almaq üçün ölkəni tərk etməyə icazə verilib. Bunun ölkənin güclü ordusunun təzyiqi nəticəsində baş verdiyi güman edilir.
Məhkəmə dəfələrlə onun geri dönüb, ifadə verməsini tələb etdə də, o, tibbi səbəblər irəli sürərək, bunu etməyib.
Müşərrəf bu ilin əvvəli Dubayda xəstəxanada ikən məhkəmə prosesinə etibar etmədiyini və bu prosesin qurbanı olduğunu söyləyib.
Ölkənin əsas müxalifət partiyası bu qərarı dəstəkləyərək, bunun ölkəni gələcək hərbi çevrilişlərə qarşı qoruyacağını deyib. Pakistan müstəqil olduğu dövrün yarısından çox hissəsini birbaşa olaraq ordu tərəfindən idarə olunub.
Müxalif Pakistan Xalq Partiyasının lideri və qətlə yetirilmiş sabiq baş nazir Benazir Bhuttonun oğlu Bilaval Bhutto Zardari Twitter hesabında “Demokratiya ən yaxşı intiqamdır” yazıb.
Orduya yaxın hesab olunan hökümət rəsmi bəyanat verməyib. Lakin bir nazir qərarla bağlı narahatlıqlarını dilə gətirib.
“Biz ölkəni birləşdirməliyik. Nə üçün xalqı və onun qurumlarını bölən qərarlar qəbul edək?” – Elm və Texnologiya naziri Favad Çaundri yazıb.
Siyasi təhlilçilər deyir ki, ordunun hələ də ən güclü qurum olduğu ölkədə bu hökmü tətbiq etmək asan olmayacaq.
Qərar ictimaiyyətə açıqlanandan sonra Twitter-də #Musharraf heşteqi trend olub.
“Mən hətta Müşərrəf kimi cinayətkarlara ölüm cəzasının verilməsinin əleyhinəyəm. Lakin bu qərar vacibdir, çünki generalların cəzasızlıq tarixinə meydan oxuyur”, fəal Ammar Əli Can yazıb.