Hökumətin ölüm cəzası ilə bağlı moratoriumu ləğv etməsindən sonra bu gün Pakistanda 12 kişi edam edilib. Onlardan onu Pəncab vilayətindəki həbsxanada, digər ikisi isə Kəraçi şəhərində asılıb.
Ölüm hökmü ilk olaraq terrorizmdə ittiham olunan məhbuslara tətbiq olunub. Lakin keçən həftə xəbərlərdə bildirilib ki, ölüm cəzası almış və aprllyasiya müraciətləri rədd edilən bütün məhbuslara tətbiq ediləcək.
Ölüm cəzası bərpa edilən kimi bu gün asılan 10 nəfər də daxil edilməklə, artıq 27 nəfər edam edilib.
İnsan haqları qrupları edamın bərpası qərarına etiraz edərək, edam hökmü çıxarılan bir çox məhbusun işgəncə və ya ədalətsiz yolla məhkum edildiyini bildirib. Onlar hazırda Pakistanda 8 mindən çox insanın ölüm cəzası ilə üzləşdiyini deyib.
Pakistanın baş naziri Nəvaz Şərif ölüm cəzası hökmünün bərpası ilə bağlı qərarı keçən ilin dekabr ayında Pişəvərdə məktəbdə hücum zamanı16 nəfər işçi heyəti də daxil edilməklə, 134 şagirdin öldürülməsindən sonra verib.