Accessibility links

Pakistanın terrorizmlə mübarizə idarəsinin həbsxanasında girov böhranı davam edir


Pakistan rəsmiləri bazar ertəsi terrorizmlə mübarizə polisinin militant olmaqda şübhəli bilinən onlarla məhbusun gecə bir neçə zabiti girov götürdüyü saxlanma mərkəzində böhranın həlli ilə bağlı danışıqları davam etdirib.

Məhkumlar girovların həyatları müqabilində Əfqanıstana təhlükəsiz keçməyi tələb edib.

Xayber-Paktunxva vilayətinin şimal-qərbindəki qarnizon şəhəri Bannuda davam edən hadisə nəticəsində azı iki polis ölüb, biri ordu zabiti olmaqla, bir neçə nəfər yaralanıb.

İtkilər mühasirə başlayandan qısa müddət sonra təhlükəsizlik qüvvələrinin obyektlərə nəzarəti geri almağa cəhd edərkən girov götürənlərlə toqquşma zamanı baş verib.

Vilayətin yüksək səviyyəli müşaviri Məhəmməd Əli Saif təhlükəsizlik qüvvələrinin zabitinin öldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib.

Rəsmilərin bildirdiyinə görə, bir qrup məhbus terror hadisələri ilə bağlı dindirilərkən onlardan bəziləri mühafizəçilərdən silahlarını alaraq, başqa kameralardan qeyri-müəyyən sayda "yüksək səviyyəli terrorçuları" azad edə bilib.

Daha sonra vilayət hökuməti bəyanatında hadisəni təsdiqləyərək, "dindirilmə zamanı militantlar müstəntiqlərin silahlarını alıb və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan məhbusları azad edib" deyə, bildirib.

Sosial şəbəkələrdə paylaşılan videoda mühafizəçi olduğu güman edilən yaralını və bir neçə silahlı şəxsi görmək olub. Üzü bağlı və əlində avtomat olan şəxslərdən biri Pakistan hökumətindən təcili olaraq bütün 35 silahdaşının Əfqanıstana "hava yolu ilə təhlükəsiz keçidini" tələb edib. Əks halda o bütün girovları öldürməklə hədələyib.

Müstəqil mənbələrdən videonun həqiqiliyini müəyyən etmək mümkün olmayıb və rəsmi orqanlar bu barədə heç bir şərh verməyib.

"Pakistan Talibanı" kimi də tanınan qeyri-qanuni silahlı "Tehrik-i-Taliban Pakistan" (TTP) qrupu bazar ertəsi baş verən mühasirə ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Qrup döyüşçülərinin məhbuslar arasında olduğunu bildirib və hökumətdən onları Əfqanıstan sərhədi yaxınlığında qrupun sığınacaqlarının olduğu ərazilərə köçürməsini istəyib.

XS
SM
MD
LG