Accessibility links

Pandemiya dövründə 1020 məhbus azadlığa buraxılıb, onların arasında siyasi məhbus kimi tanınan yoxdur


Koronavirus pandemiyası dövründə, son 4 ay ətrzində Ədliyyə naziri yanında İctimai Komitəyə müraciət edən 1020 məhkum barədə məhkəmələr müsbət qərar qəbul edib. Onlardan 809 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 211 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib.

Bu barədə Amerikanın Səsinə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli bildirib.

Onun sözlərinə görə, müraciətlər çoxdur, lakin məhkumlar cinayətin və cəzanın xarakterinə uyğun olaraq vaxtından əvvəl azadlığa buraxılır.

Son bir neçə ayda bir sıra ictimai-siyasi xadimlər, hüquq müdafiəçiləri həbs müddətinin bitməsinə az qalmış məhbusların, o cümlədən siyasi məhbus kimi tanınan şxsəlrəin azadlığa buraxılması ilə bağlı müraciətlər edib.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib ki, vaxtından əvvəl azadlığa buraxılanlar arasından hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdğı bir nəfər belə yoxdur.

“Pandemiya dövründə məhbusların vaxtından əvvəl azadlığa buraxılması məsələsində ayrıseçkilik var. Bu siyasi məhbuslara şamil edilmir. Məsələn, “Səid Dadaşbəylinin dəstəsi”ndən həbsdə olan 3 nəfərin həbs müddətinin başa çatmasına iki aydan da az qalıb. Onların hər hansı qayda pozuntusu da yoxdur. Vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciət etsələr də məhkəmələr müsbət qərar verməyib. Hətta Qarabağ qazisi olan, az ağır cinayətlərdə ittiham olunan siyasi məhbuslara da münasibtdə ayrıseçkilik hökm sürür,” Həsənov Amerikanın Səsinə deyib.

Hüquq müdafiəçisi həmçinin deyib ki, Nardaran hadisələri zamanı həbs edilən iki məhbusun yaşı 65-dən çox olduğuna görə azadlığa buraxılıb.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmadığını bildirir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə təqiblərin olmadığını bəyan edir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri yüz otuzadək şəxsi siyasi məhbus kimi tanıyır. Amnesty İnternational Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qərar qəbul edib və bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.

XS
SM
MD
LG