Accessibility links

Pənah Hüseyn: Ölkə böyük sistem böhranına daxil olub [Video-müsahibə]


Pənah Hüseyn: Ölkə böyük sistem böhranına daxil olub
please wait

No media source currently available

0:00 0:08:36 0:00

Azərbaycanın keçmiş baş naziri Amerikanın Səsinə müsahibəsində əsas iqtisadi yekunlardan danışıb

Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn Amerikanın Səsinə müsahibəsində 2016-cı ilin iqtisadi yekunlarından danışıb.

Amerikanın Səsi: 2016-cı ildə Azərbaycanda əsas iqtisadi problemlər nə olub? İlin iqtisadi yekunlarını necə xarakterizə edərdiniz?

İqtisadi böhranın sosial və siyasi böhrana keçməsini ilin əsas hadisəsi hesab edirəm.

Pənah Hüseyn: Məncə, 2016-cı ilin əsas iqtisadi hadisəsi hökumətin bazar iqtisadiyyatının tələblərinə uyğun olan siyasətinin tam iflasa uğramasıdır. Bunun simvolik ifadəsi olaraq aqrar sektorda yenidən Sovet tipli kollektivləşməyə keçidin başlanması, dövlətin icbari qaydada əməyin tətbiqinə cəhd etməsi, pambıq, fındıq və baramanın məcburi şəkildə inkişaf etdirilməsi barədə verilən qərarları göstərmək olar. Buna qədər, istər aqrar sahədə, istərsə digər başqa iqtisadi sahələrdə, o cümlədən real iqtisadiyyatda bazar iqtisadiyyatına uyğun müəyyən dəyişikliklər aparılması və inkişaf nəzərdə tutulurdu. Bunun konstitusiya islahatlarında da konstitusion əsasları qoyuldu. Xüsusi mülkiyyətin guya dövlət maraqları və mənafeləri üçün məhdudlaşdırılması, o cümlədən torpaq üzərindəki xüsusi mülkiyyətin məhdudlaşdırılması ilə bağlı müddəa, mülkiyyətin özündə müəyyən sosial öhdəliklər ehtiva etməsi və dövlətin bu vasitə ilə totalitar rejimlərdə olduğu qaydada və formada inzibati müdaxiləsinin baş verməsi, ölkədə faktiki olaraq bundan sonra normal iqtisadi inkişafın qeyri-mümkün olmasını meydana çıxardı. Bu vaxtadək qəbul edilmiş 60-dan çox dövlət proqramlarının işləməməsi və maliyyə sahəsində yeni qəbul edilən yol xəritəsi də məzmun etibarı ilə tamamilə boş və səmərəsiz olub. Onun da nəticəsi, - məhz həmin yol xəritəsi qəbul edildikdən sonra dolların məzənnəsinin iki manatdan yuxarı qalxmasıdır, “qara bazar”ın yaranmasıdır, bank-maliyyə sektorunun tamamilə sıradan çıxmasıdır. Yəni, faktiki olaraq ölkə böyük sistem böhranına daxil olub. İndi böhran bank-maliyyə sektorundan sonra, real iqtisadiyyata keçib. Bunun ardınca, sosial böhranın başlanması, siyasi böhranın olması labüddür. Ona görə, iqtisadi böhranın sosial və siyasi böhrana keçməsini ilin əsas hadisəsi hesab edirəm.

Amerikanın Səsi: İqtisadiyyatın böhrandan çıxarılması üçün hökumətin atdığı addımlar yetərlidirmi? Hökumətin qəbul etdiyi yol xəritəsinin həyata keçirilməsini mümkün sayırsınızmı?

Ümumiyyətlə böhranın adı, elə bu hakimiyyətin özüdür.

Pənah Hüseyn: Əvvəla, hökumət özü də dərk edir ki, o bu vəziyyətdən çıxış yolunu tapmağa qadir deyil. Əhəmiyyətli bir şəkildə atılan addımlar, o cümlədən sizin qeyd etdiyiniz yol xəritəsi imitasion xarakterli mahiyyət daşıyır. Ümumiyyətlə böhranın adı, elə bu hakimiyyətin özüdür. Bir adı da, belə demək mümkündürsə, əvvəlcə siyasi hakimiyyətin, indi isə artıq mülkiyyətin də bir əldə cəmləşməsidir. Mənim fikrimcə, indiki anda oliqarx hakimiyyəti də mövcud deyil. Bir nəfərin, bir ailənin hakimiyyəti mövcuddur. Belə bir şəraitdə artıq hər hansı bir inkişafdan, hər hansı bir inkişaf mühitindən danışmaq da mümkün deyil. O baxımdan da hökumət hansı bir addım atırsa-atsın, hansı şəkildə, hansı sənədlər qəbul edilir-edilsin, bu böhranın dərinləşməsinə xidmət edir. Ona görə də bizə gəlib çatan məlumatlar ondan ibarətdir ki, hətta hakimiyyət daxilində müəyyən dairələr hansısa islahatlar, hansısa dəyişikliklər edilməsinə qarşı çıxırlar ki, istənilən dəyişiklik böhran situasiyasının dərinləşməsi ilə nəticələnəcək.

Amerikanın Səsi: Hökumətin hazırki strukturu islahatları həyata keçirmək üçün yetərlidirmi?

Hər hansı bir islahatın mövcudluğu üçün şəraitin yaradılması yeni siyasi hakimiyyətin yaradılmasından keçir.

Pənah Hüseyn: Siz tez-tez hökumət sözünü işlədirsiniz. Mən bunu “mütləq hakimiyyət” sözü ilə əvəz edərdim. Burada, komandada hansısa bir dəyişikliklər edilməsi, struktur dəyişikliklərinin aparılması, yeni idarəetmə bölmələrinin yaradılması və yaxud bəzilərinin ixtisar edilməsi və bu kimi məsələlərlə vəziyyətdən çıxmaq qeyri-mümkündür. Hərçənd ki onu da qeyd edim ki, məsələn idarəetmə həqiqətən çox böyük resursları yeməkdə davam edir. Açıq-aydın bir “parazit”ə çevrilib. Bunu da qeyd etmək lazımdır. Məsələn, dövlət təminatı ilə təxminən 10 milyard borcu olan SOCAR-ın indiki strukturu bu dövlətin bütün gələcək resurslarının dəhşətli mənimsənilməsi və boş, səmərəsiz yerə sərf olunması üçün yerlərdən biridir. Baxmayaraq ki, birbaşa hökumətə daxil görünməyə bilər. Amma bizim gəldiyimiz nəticə ondan ibarətdir ki, - bu qəribə görünsə də, - artıq hər hansı islahatları, o cümlədən struktur islahatları üçün, hökumətlə bağlı siyasi islahatlar üçün zaman buraxılıb. Bu baxımdan hakimiyyətin dəyişməsi ilə əlaqədar olmayan hər hansı islahatdan danışmaq boş və mənasız vaxt itirməkdən ibarətdir. Hər hansı bir islahatın mövcudluğu üçün şəraitin yaradılması yeni siyasi hakimiyyətin yaradılmasından keçir.

Amerikanın Səsi: Tariflərin qaldırılması ölkədə sosial sülhə təhlükələr yarada bilərmi? 2017-ci ildə sosial sülhə əsas təhlükə kimi nələri görürsünüz?

Tariflərin artması ilə məsələ həll olunmur. Ölkənin xarici, xüsusən iqtisadi əlaqələri sahəsində son dövrlər yaranmış xaos bir neçə aydan sonra ilk zəruri yaşayış vasitələri üçün çox ciddi qıtlıqla nəticələnə bilər.

Pənah Hüseyn: İşsizlik mühüm bir məsələdir. Çünki, əgər iş olarsa, hər halda müəyyən gəlir olarsa, tariflərin qaldırılmasına da müəyyən dözümlülükdən danışmaq mümkün olardı. Əgər situasiya belə şəkildə davam edərsə, ən azı 2017-ci ilin ikinci yarısında çox ciddi sosial münaqişələrin, toqquşmaların, gərginliyin olması labüddür. Çünki, ən ciddi məsələ işsizlik məsələsidir. Bahalıqdan əlavə, çox ciddi mal qıtlığı gözlənilir. Tariflərin artması ilə məsələ həll olunmur. Ölkənin xarici, xüsusən iqtisadi əlaqələri sahəsində son dövrlər yaranmış xaos bir neçə aydan sonra ilk zəruri yaşayış vasitələri üçün çox ciddi qıtlıqla nəticələnə bilər. Bu çox ciddi problemlərdən biridir. Eyni zamanda, yenə bir neçə aydan sonra ölkədə pensiyaların, əmək haqlarının ödənilməsi üçün ciddi tədbirlər görülməzsə (bu tədbirlərin nədən ibarət olması da təsəvvür olunmur) müəyyən fasilələrin yaranması proqnozlaşdırılır. İndi Maliyyə Nazirliyinə 500 milyon müəyyən borc alınması ilə bu vəziyyətdən çıxmaq, əlbəttə mümkün deyil. O baxımdan təkcə tariflərin artırılması yox, sistem halında sosial böhranın əlamətləri vətəndaş sülhü üçün çox ciddi bir təhdid olaraq qalmaqdadır və belə bir təhdid davam edir.

Vəziyyətdən çıxış üçün isə konkret müəyyən dövr üçün ciddi şəkildə bu böhranın əsas səbəbləri araşdırılmalıdır. Səbəbləri guya, doğru-düzgün təsvir olunmayan dünya iqtisadi böhranı, neftin qiymətinin enməsi və sairə kimi məsələlər qoyulur. Bizim fikrimizcə, Azərbaycandakı böhranın əsas səbəbi daxili səbəblərlə bağlıdır. Birinci növbədə korrupsiya ilə bağlıdır. Dövlət vəsaitinin və neft pullarının oğurlanması ilə bağlıdır. Əgər korrupsiyanın qarşısını ciddi bir şəkildə almaq və oğurlanmış vəsaitlərin bir xeyli hissəsini, hamısı da olmasa, müəyyən hissəsini geri qaytarmaq mümkün olarsa, yaxın bir neçə ildə cəmiyyət müəyyən nəfəs ala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG