Accessibility links

Donald Tramp ilk 100 günü ərzində görəcəyi işlərin planını açıqlayıb


ABŞ-a yeni prezident seçilən Donald Tramp ilk 100 günü ərzində görəcəyi işlərə aydınlıq gətirib. O, 3 kateqoriyanı nəzərdə tutan korrupsiya ilə mübarizə, işçilərin müdafiəsi və təhlükəsizlik və qanunun konstitusion qaydalarına dair planını açıqlayıb.

Vaşinqtonun “təmizlənməsi”

Konqresmenlərin iki dəfədən artıq seçilməsini qadağan etmək üçün ölkə Konstitusiyasına müvafiq dəyişiklik layihəsi ilə çıxış etmək;

Dövlət büdcəsindən maliyyələşən orqanlara (müdafiə, ictimai təhlükəsizlik və səhiyyə sahələri istisna olmaqla) yeni işçilərin qəbulunu dayandırmaq;

Hər yeni federal qayda əvəzində iki köhnə qaydanın ləğvini tələb etmək;

Ağ Evin və Konqresin istefaya çıxan əməkdaşlarının beş il ərzində lobbiçilik fəaliyyəti ilə məşğul olmasına qadağa qoymaq;

Ağ Evin əməkdaşlarının başqa dövlətlərin maraqları üçün lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına ömürlük qadağa qoymaq;

Amerikanın seçki kampaniyalarına xarici lobbi qruplarından hər hansı maliyyə vəsaiti qəbulunu tam yasaqlamaq.

NAFTA müqaviləsinə (Kanada, ABŞ və Meksika arasında azad ticarət sazişi) yenidən baxmaq, yaxud müqavilədən ümumiyyətlə çıxmaq planını elan etmək;

Amerikanın Sakit Okean Tərəfdaşlığından (Asiya-Sakit okean regionunun 12 ölkəsi arasında azad ticarət haqqında Obama-nın imzaladığı TPP sazişi) çıxdığını elan etmək;

Maliyyə Nazirliyinə Çini “valyuta manipulyatoru” elan etməyi tapşırmaq;

Ticarət Nazirliyinə ölkənin beynəlxalq ticarətində amerikalı işçilərin maraqlarına xələl gətirən bütün halları üzə çıxarıb, onları dərhal aradan qaldırmaq üçün tapşırıq vermək;

Enerji resurslarının (o cümlədən şist qazı, neft, təbii qaz və təmiz kömür) işlənilməsi layihələrinin ümumi məbləğinə qoyulmuş 50 trilyon dollarlıq məhdudiyyəti götürməklə yeni iş yerləri açmaq;

Obama-Klinton cütlüyünün nəhəng infrastruktur layihələrinə, o cümlədən Keystone neft kəmərinin (ABŞ və Kanada arasında iri neft kəməri) tikintisinə qoyduğu məhdudiyyəti ləğv etmək;

BMT-nin iqlim dəyişikliyi proqramlarına çoxmilyardlıq ödənişləri dayandıraraq, əvəzində həmin vəsaiti Amerikanın ətraf mühit və su infrastrukturu layihələrinə xərcləmək.

Təhlükəsizliyin və hüququn aliliyinin təmin olunması

Barak Obamanın bütün qeyri-konstitusion aktlarını ləğv etmək;

Qeyri-leqal miqrantların təqib olunmadığı və sərbəst yaşadığı şəhərlərin (Nyu York, Vaşinqton, Çikaqo, San Xose və s.) federal büdcədən maliyyələşdirilməsini tam dayandırmaq;

Qanun pozuntusuna yol vermiş 2 milyondan artıq miqrantın ölkədən çıxarılmasına başlamaq və onların qəbulundan imtina edən ölkələrin vətəndaşlarına yeni viza verməmək;

Terrorçuların nüfuz etdiyi regionlardan miqrant qəbulunu dayandırmaq, ölkəyə gələn bütün şəxslərin ciddi yoxlamadan keçirilməsini təmin etmək.

Yeni qanunlarla bağlı ideyalar

Biznes üçün vergini 35%-dən 15%-ə endirmək;

İş yerlərinin xaricə axınının qarşısını alacaq qanun qəbul etmək;

Obama-nın apardığı səhiyyə islahatını (Obamacare) ləğv etmək;

Təhsil sistemini dəyişdirərək, valideynlərin öz uşaqlarını istənilən məktəbə göndərməsinə imkan yaratmaq;

Uşaq bağçalarına və ahıllara qulluğa pul xərcləyən ailələrə vergi güzəştləri müəyyənləşdirmək, işəgötürənləri işçilərinə iş vaxtı uşağa baxmasına imkan yaratmağa həvəsləndirmək;

Meksikanın vəsaiti hesabına bu ölkə ilə sərhəddə divar hörmək, deportasiya olunduqdan sonra ABŞ-a təkrar qanunsuz giriş edənlərin, eləcə də ölkədəqalma müddətini ötürmüş şəxslərin cəzalarını sərtləşdirmək.

XS
SM
MD
LG