Accessibility links

Prezidentin dövlət idarəçiliyində səmərəliliyin artırılması sərəncamı və ekspert rəyləri


İlham Əliyev Nazirlər Kabinetinin iclasına sədrlik edir
İlham Əliyev Nazirlər Kabinetinin iclasına sədrlik edir

Ekspertlər dövlət idarəçiliyində səmərəlilik üçün ictimai nəzarətin olmasını vacib sayır

“Dövlət idarəçiliyində səmərəliliyin artırılması" sərəncamı

Prezident Ilham Əliyev “Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sənəddə deyilir ki, müasir dövrün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi dövlətin diqqət mərkəzindədir.

Nazirlər Kabineti icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə prezidentə ildə iki dəfə məlumat verəcək.
Sərəncamdan sitat

Sərəncama əsasən Prezident Administrasiyasında prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndiriləcək.

Sənədə görə, Prezident Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizmini yaradıb tətbiq edəcək, prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydasını yaradacaq.

Nazirlər Kabineti dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil edəcək və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə prezidentə ildə iki dəfə məlumat verəcək.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Ədalətli məhkəmə-hüquq sistemi olmadan səmərəli idarəçilikdən danışmaq olmaz

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, dövlət idarəetmə sisteminin keyfiyyətinin artırılması üçün ən azından üç komponent vacibdir.

İlqar Məmmədov: Ədalətli məhkəmə-hüquq sistemi olmadan səmərəli idarəçilikdən danışmaq olmaz
please wait

No media source currently available

0:00 0:01:51 0:00

“Birincisi, qanunvericiliyin təkmilləşdirilməsi, ikincisi, məhkəmə-hüquq sisteminin Avropa keyfiyyətində işləməsi, üçüncüsü, bu idarəetməni həyata keçirən insanları bazar rəqabətinə dözə biləcək davamlı əmək haqqı ilə təmin etmək. Bu əsas üç komponenet olmayınca, digər intizam və ya başqa tədbirlər heç bir nəticə verməyəcək,” o qeyd edib.

Əgər məhkəmə-hüquq sistemi normal işləyəcəksə, Avropa qaydalarına uyğun işləyəcəksə, bu ölkədə saxta seçki keçirmək mümkün olmayacaq.
İlqar Məmmədov, ReAL Partiyasının sədri


İctimai nəzarət, azad media, azad seçki olmadan səmərəli idarəetmə ola bilərmi? sualının cavabında Məmmədov deyib ki, məhkəmə-hüquq sistemi normal funksiyasını yerinə yetirməlidir.

“Əgər məhkəmə-hüquq sistemi normal işləyəcəksə, Avropa qaydalarına uyğun işləyəcəksə, ölkədə saxta seçki keçirmək mümkün olmayacaq. Ümumiyyətlə qanunsuz hər hansı işlər görmək mümkün olmayacaq. Əgər qanunsuz işlər görmək mümkün olmayacaqsa, onda sistem öz səmərəliliyini qismən bərpa edəcək. Yox, əgər məhkəmə-hüquq sistemi işləməyəcəksə, qanunlar kütləvi, ayrı-ayrı hallarda ardıcıl olaraq pozulacaqsa, onda hər hansı səmərəli idarəçilikdən danışmaq mümkün deyil,” ReAL sədri deyib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Azərbaycan faktiki Rusiyanın idarəetmə sistemini əxz edir

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində bildirib ki, dövlət idarəçiliyində səmərəliliyi artırmaq üçün ilk növbədə ölkənin kadr siyasətinin prinsipləri dəyişməlidir.

Arif Hacılı: Azərbaycan faktiki Rusiyanın idarəetmə sistemini əxz edir
please wait

No media source currently available

0:00 0:03:08 0:00

“Ölkənin konstitusiyasında dəyişikliklər edilməli, seçkili demokratiya tətbiq olunmalı, yerli özünü idarəetmə sistemi tətbiq edilməlidir. Real hakimiyyət bölgüsü aparılmalıdır. Yalnız bundan sonra ölkədə normal idarəçilik sistemi qurmaq olar. Avtoritar üsullarla, bir nəfərə tabe olan piramida vasitəsi ilə dövlət idarəçiliyinin effektivliyini artırmaq mümkün deyil,” Hacılı qeyd edib.

Avtoritar üsullarla, bir nəfərə tabe olan piramida vasitəsi ilə dövlət idarəçiliyinin effektivliyini artırmaq mümkün deyil.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

O, azad seçki, azad media, ictimai nəzarətlə bağlı sualın cavabında deyib ki, dünya təcrübəsi göstərir ki, harada real hakimiyyət bölgüsü yoxdursa, yəni icra, məhkəmə, qanunvericilik hakimiyyəti bir-birindən müstəqil olaraq fəaliyyət göstərmirsə, gerçək özünü idarəetmə sistemi yoxdursa, azad və ədalətli seçkilər keçirilmirsə orada səmərəli idarəçilik mümkün olmur.

“Şimali Koreya ilə Cənubi Koreyanı müqayisə etmək kifayətdir. Əslində ötən əsrə qədər eyni yaşayan bir xalq, eyni mentalitetə malik olan iki dövlətin xalqları fərqli idarəçilik metodlarına görə fərqli bir vəziyyətdə yaşayırlar. Şimali Koreya əhalisi dünyanın ən ağır vəziyyətdə yaşayan bir ölkəsidir. Cənubi Koreya isə çox az ərazisi olmasına, təbii ehtiyatlarının çox az olmasına baxmayaraq, məsələn dünyanın 6-da bir ərazisinə, çox ciddi enerji daşıyıcılarına və təbii ehtiyatlara malik olan Rusiyadan varlı bir dövlətdir. Hətta Cənubi Koreyanın ayrı-ayrı şirkətlərinin büdcəsi Rusiyanın dövlət büdcəsindən çoxdur.”

Pariya liderinin fikrincə, Azərbaycan faktiki olaraq Rusiyanın idarəetmə sistemini əxz etməklə öz idarəçiliyini qurur.

“Bir daha bildirirəm ki, səmərəli idarəçilik üçün real hakimiyyət bölgüsü, insan hüquqlarının təmin edilməsi, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması, gerçək özünü idarəetmə sisteminin qurulması vacibidr,” Müsavat başqanı qeyd edib.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev: Səmərəli idarəçilik üçün azad media, tənqidi səslər və QHT-lər olmalıdır

Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbinin məzunu Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində deyib ki, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün çoxlu sayda agentliklər, komitələr, komissiyalar yaratmaq əvəzinə, yaxşı olardı ki, kompakt bir idarəşilik sistemi yaradılsın.

Bəxtiyar Hacıyev: Səmərəli idarəçilik üçün azad media, tənqidi səslər və QHT-lər olmalıdır
please wait

No media source currently available

0:00 0:02:09 0:00

“Az sayda nazirlik, komitə, komissiyalar qalmaq şərti ilə yerdə qalanlar ya birləşdirilsin, ya da ləğv edilsin. İkincisi səmərəli idarəçilik üçün səmərəli kadr bazası və siyasəti olmalıdır. İnidki şəraitdə, əgər səmərəli idarəçiliyə potensialı olan insanları müxtəlif tənqidi baxışlarına görə kənarda saxlayıb, yerinə kimlərinsə övladları, kimlərinsə yaxın qohumları təyin olunursa, qohumluq və başqa prinsip əsasında kadr siyasəti həyata keçirilirsə, sistemin necə olmasından, idarəçiliyin miqyasının böyük və kompakt olmasından asılı olmayaraq yenə də köhnə problemlər özünü büruzə verəcək.”

Əgər səmərəli idarəçiliyə potensialı olan insanları müxtəlif tənqidi baxışlarına görə kənarda saxlayıb, yerinə kimlərinsə övladları, kimlərinsə yaxın qohumları təyin olunursa köhnə problemlər özünü büruzə verəcək.
Bəxtiyar Hacıyev, ekspert

Azad seçki, azad məhkəmə, azad media məsələsindən danışarkən Hacıyev bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində artıq sübut olunub ki, dövlət idarəçiliyinin, yəni icra orqanlarının hansı formada təşkil olunmasından, kadr siyasətindən asılı olmayaraq həm də məhkəmə sisteminin ədalətli olması, azad medianın olması və ona şərait yaradılması, tənqidi səslərin boğulmaması, insan hüquqları və digər faktorlar da vacibdir.

“Bunlar olmadan hansısa sərəncamın imzalanması icra edilməyən növbəti kağız parçası olacaq. Nəhayət, ictimai nəzarət üçün azad mediaya, siyasi təşkilatlara və qeyri-hökumət təşkilatlarına şərait yaradılmalıdır. Bu faktorlar olmadan ictimai dəstək mümkün deyil,” o qeyd edib.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Nəsimi Məmmədli: İdarəetmənin yükünün bir institutun üzərində cəmləşməsi səmərəliliyin qarşısını alır

Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində deyib ki, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün dövlət qurumlarında cəmləşən səlahiyyətlərin yayılması önəmlidir.

Nəsimi Məmmədli: İdarəetmənin yükünün bir institutun üzərində cəmləşməsi səmərəliliyin qarşını alır
please wait

No media source currently available

0:00 0:03:21 0:00

“Dövlət bütün xidmət sahələrindən tutmuş sosial-ictimai münasibətləri tənzimləyən bütün sahələrədək vəzifə yükünü öz üzərinə götürüb. Bu, dövlət üçün ağır yükdür. Bu şəraitdə idarəetmə heç də səmərəli ola bilməz.”

Ekspertin fikrincə, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır.

“Yerli idarəetmə orqanlarının gücü o səviyyəyə gətirilməlidir ki, dövlətin mərkəzləşmiş yükü aşağılara doğru çəkilə bilsin. Bu çox səmərəli ola bilər. Həm də əhalinin siyasi aktivliyi artar, yerli idarəetmənin nüfuzu yüksələr. Eyni zamanda yerli vergiləri yerli özünü idarəetmə orqanları idarə etməlidir.”

Səmərəli idarəetmənin əsas prinsipi şəffaflıqdır, hesabatlılıqdır, qanunun aliliyinə riayət edilməsidir. Bu prinsiplərin yerinə yetirilməsi isə azad məhkəmə, azad media, vətəndaş cəmiyyəti, çoxpartiyalı siyasi sistem olmadan mümkün deyil.
Nəsimi Məmmədli, ekspert

O hesab edir ki, qanunvericilik orqanı tam müstəqil şəkildə öz funkionallığını yerinə yetirməlidir.

“Bu gün qanunverici orqan daha çox icra hakmiyyətinin təqdim etdiyi qanun layihələri üzərində düzəlişlər etməklə məşğuldur. Məhkəmə orqanlarının müstəqilliyi təmin edilməlidir. Hakimiyyətin mərkəzi icra hakimiyyətində cəmləşdirilməsi heç bir halda hakmiyyətin səmərəli idarəetməsini ortaya qoya bilməz. Xüsusilə konstitusiyanın 109-cu maddəsinə görə ölkə prezidenti 32 səlahiyyəti əlində cəmləşdirib. Bu, əlbəttə idarəetmədə yaranan neqativ hallarda da özünü göstərir. Hətta ən kiçik qəsəbələrdə yolların çəkilməsi, məktəb tikintisi, məktəıb təmiri ilə bağlı da ölkə prezidenti sərəncam verir. Əlbəttə, idarəetmənin bütün yükünün bir institutun üzərində cəmləşməsi səmərəliliyin qarşını alır.”

Məmmədlinin qənaətincə, səmərəli idarəetmə üçün ictimai nəzarət vacibdir.

“Əgər azad media yoxdursa, vətəndaş cəmiyyəti institutları öz funksiyasını yerinə yetirnək durumunda deyilsə, qanunvericiliklə onun səlahiyyətləri tam deyilsə səmərəli idarəetmədən danışmağa dəyməz. Səmərəli idarəetmənin əsas prinsipi şəffaflıqdır, hesabatlılıqdır, qanunun aliliyinə riayət edilməsidir. Bu prinsiplərin yerinə yetirilməsi isə azad məhkəmə, azad media, vətəndaş cəmiyyəti, çoxpartiyalı siyasi sistem olmadan mümkün deyil,” ekspert qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG